Arif Əsədov: Onlar Neftçinin gələcəyidi
“Neftçi”nin baş məşqçisi Arif Əsədov “Qaradağ Lökbatan”la yoxlama oyunu haqda fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, təcrübəli mütəxəssis klubun rəsmi saytına açıqlamasında bunları deyib:
“Qaradağ Lökbatan”la oyun yoxlama xarakteri daşıyırdı. Belə oyunlarda nəticə önəmli deyil. Əsas məqsəd heyətin bütün üzvlərini yoxlayıb komandanı Premyer Liqa matçlarına hazırlamaqdı. Yoxlama görüşlərində heyətin bir çox üzvünü sınamaq şansımız olur. Düzdü, bəzi futbolçularımız milli komandaların düşərgəsinə çağırıldığından, heyət üzvlərinin hamısı yoxlama oyununda iştirak edə bilmədi. Bununla belə, gənclər üçün özlərini göstərmək baxımından da əhəmiyyətli oyun oldu. Matç zamanı müəyyən taktiki dəyişiklərə əl atdıq. Üstəlik, ikinci hissədə heyətin yarıdan çoxunu dəyişdik və gəncləri sınadıq. Onlar “Neftçi”nin gələcəyidi. Gənclər belə oyunlarda təcrübə toplamalıdılar. İnanıram ki, bu futbolçular gələcəkdə əsas komandada möhkəmlənə biləcəklər”.
