2 oktyabr 2014 00:10

Qarabağın Milan sınağı

Bu gün Avropa Liqasında qrup mərhələsinin 2-ci turunun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycanın qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirindəki yeganə təmsilçisi - son çempion "Qarabağ" da növbəti sınağına çıxacaq.

Xatırladaq ki, Ağdam klubu bu mövsüm avrokuboklar macərasına Çempionlar Liqasının ikinci təsnifat mərhələsindən başlayıb. Bölgə təmsilçisinin startdakı rəqibi Malta "Valletta"sıydı. "Qarabağ" bu rəqibini səfərdə 1:0, Bakıda isə 4:0 hesabı ilə üstələyərək, adını növbəti mərhələyə yazdırdı. Üçüncü təsnifat mərhələsində isə təmsilçimiz Avstriya "Zalsburq"una uduzaraq (2:1, 0:2), ÇL ilə vidalaşdı. Lakin qaydaya görə, ÇL-in pley-off mərhələsinə vəsiqə qazana bilməyən klublar mübarizəni Avroliqanın eyni mərhələsində davam etdirmək şansına malik idi. Çempionumuz məhz bu mərhələdə ünlü Hollandiya "Tvente"si ilə çətin sınaqdan üzüağ çıxaraq (evdə 0:0, səfərdə 1:1), tarixində ilk dəfə adını qrup mərhələsinə yazırdı.

"Qarabağ"ın qrup mərhələsindəki rəqibləri İtaliya "İnter"i, Fransa "Sent-Etyen"i və Ukrayna "Dnepr"idi. İlk turdakı rəqib Fransa təmsilçisi idi. Bakıdakı həmin oyunda ağdamlılar "Sent-Etyen"dən daha yaxşı oynasa da, qolsuz heç-heçəyə razılaşmalı oldu. Bu dəfə isə digər "böyük beşlik" ölkəsi təmsilçisi Azərbaycan klubunu sınağa çəkəcək.

Sözsüz ki, təmsilçimizin rəqibləri arasında ən diqqət çəkəni məhz "İnter"di. Maraq üçün bildirək ki, milanlılar artıq Avroliqanın qrup mərhələsində bir dəfə Azərbaycan klubuna rəqib olub. 2 il bundan öncə "Neftçi" ilə eyni qrupda yer alan "İnter" Bakıda "ağ-qaralar"ı 3:1 hesabı ilə məğlub etsə də, doğma azarkeşləri önündə bunu təkrarlaya bilməmişdi - 2:2.

Ölkəsinin və dünyanın ən nüfuzlu klublarından olan "İnter" 1908-ci il martın 9-da yaradılıb. İtaliya klubunun rəngləri mavi və qaradı. Bu rənglər klubun yarandığı ildən bu yana "İnter"in formasında öz əksini tapır. "Qarabağ" Milan şəhərinin təmsilçisi ilə səfərdə 82 min azarkeş tutmuna malik olan "Cüzeppe Meatsa" stadionunda oynayacaq. Maraq üçün bildirək ki, sözügedən arena həm də eyni şəhərin təmsilçisi olan "Milan" klubunun ev oyunlarını qəbul edir. "Rossonyerlər" bu stadionda görüş keçirəndə stadion "San Siro" adlanır.

18 dəfə İtaliya çempionu olan "İnter" 7 dəfə də ölkə kubokuna yiyələnib, 5 dəfə İtaliya Superkubokunu qazanıb. 3 dəfə UEFA Çempionlar Liqasının, 3 dəfə UEFA Avropa Liqasının, 1 dəfə UEFA Superkubokunun qalibi olan bu klub 1 dəfə də FİFA Klublararası Dünya çempionatının qalibi adını qazanıb.

Klubun prezidenti indoneziyalı iş adamı Erik Tohir, baş məşqçisi isə Valter Matsaridi. Komandanın kapitanı İtaliya millisinin də üzvü olan Andrea Ranokkyadı. Komandaın heyətində 6 italyan, 4 braziliyalı, eyni sayda argentinalı futbolçu var. Serbiya millisinin üzvü olan Nemanya Vidiç, argentinalı Rodriqo Palasio, Sloveniya yığmasının qapıçısı Samir Handanoviç, xorvatiyalı Mateo Kovaçiç, kolumbiyalı Freddi Quarin, yaponiyalı Yuto Naqatomo komandanın aparıcı simalarındandı.
 
İllik gəliri 455 milyon avroya yaxın olan "İnter" ötən il ölkə çempionatını 5-ci pillədə başa vurduğu üçün Avropa Liqasının pley-off mərhələsindən mübarizəyə qoşulub. Bu mərhələdə İslandiya "Styarnan"ı ilə qarşılaşan italyanlar səfərdə 3:0, doğma meydanda 6:0 hesabıyla qalib gələrək, qrup mərhələsinə yüksəliblər. Milanlılar geridə qalan mövsümdə keçirilən 38 oyunun 15-də meydanı qalib, 8-də isə məğlub kimi tərk edib. Komanda qazandığı qələbələrin sayı qədər də heç-heçə edib. Ötən mövsüm rəqib qapılarından 62 top keçirən Valter Matsarinin yetirmələri öz qapısında 39 qol görüb. 2013/14 mövsümündə "İnter" çempion olan "Yuventus"dan nə az, nə çox, düz 42 xal geri qalıb.

Bu mövsümə də komanda yaxşı başlayıb. Geridə qalan 5 turda 2 qələbəsi olan milanlılar daha 2 görüşdə heç-heçə ilə kifayətləniblər. İtaliya təmsilçisi yalnız son turda "Kalyari"yə gözlənilmədən evində 1:4 hesabıyla uduzub. Bu komanda Avroliqanın qrup mərhələsinin ilk turunda da "Dnepr"ə səfərdə minimal hesabla qalib gəlib və hazırda turnir cədvəlinə başçılıq edir.

Göründüyü kimi, "Qarabağ"ın rəqibi kifayət qədər güclü klubdu. Bu üzdən də komandamızın "İnter"lə oyunda uğur qazanması üçün daha böyük güc sərf etməsinə ehtiyac var. Qurban Qurbanovun yetirmələri maksimum diqqətli oynamaqla, ələ düşən qol fürsətlərinin hər birini dəyərləndirməklə sürpriz nəticəyə imza ata bilər. Təbii ki, ağdamlıların hətta heç-heçəyə nail olması da sürpriz nəticə sayılacaq.

Sonda onu da bildirək ki, "Qarabağ"ın Avroliqada qazandığı istənilən uğur Azərbaycanın UEFA-dakı klub reytinqinə də təsirsiz ötüşmür. Belə ki, Ağdam klubunun hər bir qələbəsi ölkəmizə 0,500, heç-heçə isə 0,250 reytinq xalı qazandıracaq. Hazırda Azərbaycan UEFA reytinqində 53 ölkə arasında 29-cu pillədədi və hesabında 11.500 reytinq xalı var. Bunun 2.625 xalı cari mövsümdə qazanılıb (1.250 xal "Qarabağ"ın, 0.750 xal "İnter"in, qalan 0.625 xal isə "Neftçi"nin sayəsində əldə olunub).

"Qarabağ" hazırda UEFA-nın klub reytinqində 8.300 xalla 188-cidi. "İnter" isə 64.135 xalla 23-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, F qrupu çərçivəsindəki digər oyunda "Sent-Etyen" "Dnepr"in qonağı olacaq.

Avropa Liqası
F qrupu

2 oktyabr

23:45. İnter - Qarabağ
Hakimlər: Aleksey Kulbakov, Dmitri Juk, Andrey Hetsikov, Oleq Maslyanka.
Əlavə hakim köməkçiləri: Sergey Tsinkeviç, Denis Şerbakov (Hakimlər Belarusdandı).
UEFA nümayəndəsi: Jose Guilherme Aguiar (Portuqaliya).
Hakim-inspektor: Frank De Blekere (Belçika).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.