Böyükağa Hacıyev: Neftçi Qarabağla oyunun favoritidi
"Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyev Topaz Premyer Liqasının 7-ci turunda baş tutacaq "Neftçi" - "Qarabağ" görüşü barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Azarkeşləri çox maraqlı oyun gözləyir. İndiki halda Ağdam təmsilçisi üçün iki cəbhədə yarışmaq çətindi. Biz bu yolu keçmişik və bunu gözəl başa düşürük. Demək olar ki, komandanın fikri artıq İtaliyadakı Avropa Liqasının oyununa yönəlmək üzrədi. İstədin, istəmədin belə olur. O vaxt biz də "Partizan"la, "İnter"lə heç-heçə oynayırdıq, amma gəlib öz çempionatımızda "Rəvan"a uduzurduq. Fikrimcə, "Neftçi" favoritdi. İlk olaraq onlar öz stadionlarında oynayırlar. İkincisi, "ağ-qaralar"ın fanatları komandaya güclü dəstək verəcək. Və ən nəhayət "Neftçi"nin bütün fikri ölkə birinciliyindədi. Liderlərin oyununa gəldikdə Reynaldo heç də Kanalesdən güclü deyil. Sadəcə, Kanalesin öz formasını bərpa etməsi lazımdı. Hər iki komanda hücum futbolu oynasa, çox maraqlı qarşılaşma izləyəcəyik. Sadəcə, "Qarabağ"a risk etmək çətin olacaq. Mən belə düşünürəm ki, oyun heç-heçə başa çatacaq".
