Arif Daşdəmirov: İnterin əsas rəqibləri Qarabağ, XL, Neftçi və Qəbələdi
"İnter"in müdafiəçisi Arif Daşdəmirovun azerisport.az saytına müsahibəsi
- "Bakı"ya 7 cavabsız qol vuracağını heç kim gözləmirdi. Bu, necə alındı?
- Bu oyuna tam ciddi yanaşdıq. Rəqibin də bizimlə oyuna ciddi yanaşdığını yaxşı başa düşürdük. Sadəcə, biz sona kimi oynadıq, ələ düşən hər fürsətdən yararlanmağa çalışdıq.
- Özünüz belə nəticə gözləyirdiz?
- Düzünü desəm, yox. Bu komandanın "Qarabağ"a, "Qəbələ"yə qarşı necə mübarizə apardığını görmüşdük. Rəqibin gənc futbolçulardan təşkil olunmasına baxmayaraq, hər rəqibə müqavimət göstərəcək gücü var. Şəxsən mən, maksimum 2:0 hesabıyla qalib gələcəyimizə inanırdım.
- Bu qələbə "İnter"ə nə dərəcədə kömək edəcək?
- Psixoloji baxımdan təbii ki, vacib qələbədi. Növbəti oyunlarda daha böyük motivasiya ilə oynayacağıq.
- Baş məşqçi sizə bacardığınız qədər çox qol vurmaq göstərişi vermişdi?
- Daha çox qol vura bilərdik. Başa düşürük ki, "Bakı"da da öz həmkarlarımız oynayır. Onlar üçün ağır məğlubiyyət oldu. Amma oyundan sonra rəqib futbolçuların hər birinin əlini sıxdım, onlara uğurlar arzuladım.
- Ötən mövsümün startı "İnter" üçün biabırçı alınmışdı. Həmin uğursuzluqdan dərs çıxardığınızı demək olar?
- Şübhəsiz. Ötən mövsümdəki səhvlərimizi təkrarlamayacağıq. Mövsümə yaxşı başlamışıq və bu tempdə də davam etmək istəyirik.
- "İnter"in çempionluq şanslarını necə qiymətləndirirsiz?
- Hələ bu barədə danışmaq çox tezdi. Sadəcə, növbəti oyunlarda da qələbə qazanmağa çalışmalıyıq.
- Əsas rəqib kimi hansı komandaların adını çəkə bilərsiz?
- Fikrimcə, "Qarabağ" titulunu qorumaq üçün mübarizə aparacaq. Digər rəqiblərdən isə "Neftçi"ni, "Xəzər Lənkəran"ı və "Qəbələ"ni fərqləndirmək olar.
