Subaşiç: Manisasporda mənə çətindi
Futbol üzrə Azərbaycan yığmasının sabiq hücumçusu, hazırda Türkiyənin "Mansisaspor" klubunda çıxış edən Branimir Subaşiçin azerisport.az saytına müsahibəsi
- "Kayserispor" üzərində qazandığınız qələbə sizin üçün yeni mövsümdə ilk belə zəfər oldu...
- Şadıq ki, nəhayət, ilk qələbəmizi qazana bildik. Ümid edirəm ki, bunun davamını gətirə biləcəyik.
- Əvvəlki iki oyunda qeydə alınan məğlubiyyətlərə, buraxdığınız 7 qola səbəb nə idi?
- Bura gələndən sonra gördüm ki, "Manisaspor"un heyəti gənclərdən qurulub. Uşaqların təcrübəsi azdı. Elə onda başa düşdüm ki, bizə çətin olacaq. Amma gec idi. Müqaviləni imzalayanda komanda ilə tanış olmamışdım. Gözlənilməz vəziyyətlə üzləşdim. Baş məşqçi ilə söhbətim oldu. Gözəl insan, yaxşı mütəxəssisdi. Komandanın ən yaşlı futbolçusu mənəm. Transfer pəncərəsinin son günlərində yeni futbolçular da alındı. Fikrimcə, oyunçular tam uyğunlaşandan sonra biz daha da güclü olacağıq.
- Bu kluba gəldiyinizə peşmansız?
- Xeyr. Sadəcə, bir hücumçu kimi mənə çətindi. Çünki komandamız hücum futbolu oynamır. Daha çox müdafiə futboluna üstünlük verilir. Amma əminəm ki, hər şey daha da yaxşı olacaq.
- Siz hələ də qol vura bilməmisiz. Baş məşqçi buna görə siz bir söz deməyib?
- Xeyr.
- Amma yerli publika yəqin ki, sizdən qol gözləyir...
- Bundan ötrü əlimdən gələni edirəm. Özüm də qol vurmaq istəyirəm. Əminəm ki, qollar gələcək.
- Keçmiş komandanız "Qarabağ"ın Avroliqada Fransa "Sent-Etyen"i ilə oyununu izlədiz?
- Etiraf edim ki, baxa bilmədim. Həmin vaxt bizim məşqimiz var idi. Amma eşitmişəm ki, "Qarabağ" rəqibindən daha yaxşı oynayıb. Komandanın əla heyəti var. Onlar nə istədiklərini yaxşı bilirlər.
- Ağdamlıların Milan "İnter"i ilə oyunundan nə gözləyirsiz?
- Ümid edirəm ki, "Qarabağ" səfərdə də uğurlu çıxış edəcək. Əlbəttə, "İnter" planetin ən məşhur klublarından biridi. Amma mən ağdamlılara istənilən halda uğurlar arzulayıram.
- Yığmamız isə AÇ-2016-ya Bolqarıstan məğlubiyyəti ilə start verdi...
- Milli haqda nə deyəcəyimi bilmirəm. Həmin oyunun son 20 dəqiqəsinə baxmışam. Çox təəssüf ki, uduzdular. Amma nə etmək olar? Həyat davam edir. Bundan sonra Azərbaycan yığması hər oyuna sonuncu gözüylə baxmalıdı.
