Elxan Məmmədov: Reynaldo Azərbaycan yığmasında oynamayacaq
AFFA-nın baş katibi Elxan Məmmədov bu gün jurnalistlər üçün brifinq keçirib. Azerisport.az sizi həmin brifinqdən hazırlanmış reportajla tanış edir.
- AÇ-2020-nin 4 oyununun Bakıya verilməsi ilə bağlı fikirlərinizi bilmək istərdik...
- Bu, Azərbaycan futbolunun uğurudu. UEFA-nın etimadını doğrultmalıyıq. Əlimizdən gələni etməliyik ki, həmin oyunları yüksək səviyyədə keçirək. Bunun üçün kifayət qədər vaxtımız var.
- Reynaldonun milliləşdirilməsi üçün hansı addımlar atılmaqdadı?
- Bu məsələ açıq olaraq qalır. Təəssüf ki, braziliyalı futbolçunun Azərbaycanla heç bir bağlılığı yoxdu. O, burada cəmi iki ildi çıxış edir. Bunu hamı bilir. Bizim Reynaldonu milliləşdirmək üçün FİFA-ya müraciət etməyə səbəbimiz olmalıdı. Reynaldonun İtaliya və Xorvatiya ilə oyunlarda yığmamızda debüt edəcəyi barədə fikirlər həqiqəti əks etdirmir. Bu, ciddi prosesdi.
- Bəs Riçard Almeyda ilə bağlı vəziyyət necədi?
- Almeyda ilə də bağlı eyni vəziyyətdi. Öncə Reynaldonun məsələsi həll olunmalıdı. Əgər onun məsələsi həll olunmasa, Almeydada da yaxşı sonluğa nail olmaq mümkünsüz olacaq.
- Olimpiya stadionunun tikintisi necə gedir?
- Sual düzgün ünvanlanmayıb.
- Berti Foqts xarici mətbuata deyib ki, AÇ-2020 zamanı Azərbaycan yığmasında olmayacaq...
- O,düz qeyd edib. Foqtsun millimizlə müqaviləsinin müddəti AÇ-2016-ya kimidi. 6 ildən sonra nə olacağını isə bilmirik.
- Yığmamız seçmə mərhələdə 3-cü yeri tutmaq şansını itirsə, Fotqsla müqaviləyə vaxtından öncə xitam verilə bilər?
- Bu sual İcariyyə Komitəsinə ünvanlanmalıdı. Əgər İK üzvlərindən kimsə bu məsələni qaldırsa, AFFA bu məsələyə baxa bilər. İstənilən halda, seçmə mərhələnin sonunda baş məşqçi federasiya qarşısında hesabat verməlidi.
