21 sentyabr 2014 22:40
Georgi Çixradze: Onların yoxluğu oyuna və nəticəyə təsirsiz ötüşmədi
"Simurq"un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala klubunun gürcü çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Qara zolaq davam edir. Çempionata yaxşı başladıq. 2 qələbə qazansaq da, 3 dəfə uduzmuşuq. Ardıcıl məğlubiyyətlər komandaya pis təsir edir. Rəqibimiz “Qarabağ” güclü komandadı. Oyunda keyfiyyət özünü göstərdi. Bu oyunda heç-heçə bizim üçün yaxşı nəticə ola bilərdi. “Qarabağ” matça qarışıq heyətlə çıxmışdı. Buna baxmayaraq, təəssüf ki, qol vura bilmədik. Heyətimizdə İlkin Qırtımov və Draqan Çeran kimi futbolçuların olmaması oyuna və nəticəyə təsirsiz ötüşmədi”.
