Cavid Hüseynov: Bizə vaxt lazımdı
Futbol üzrə Azərbaycan yığmasının və "Qəbələ"nin yarımmüdafiəçisi Cavid Hüseynovun azerisport.az saytına müsahibəsi
- "Simurq"la oyundan nə gözləyirsiz?
- "Simurq" artıq neçə ildi sabit oyun sərgiləyir. Güclü heyətə malikdilər. Bizim üçün ciddi rəqibdi. Allah eləsin ki, bizdə hər şey yaxşı alınsın. Qələbə qazanmaq istəyirik.
- Bəs "Qəbələ" niyə sabit oyun sərgiləyə bilmir?
- Bizim də yaxşı komandamız var. Sadəcə, bizə vaxt lazımdı. Müəyyən vaxtdan sonra biz də öz oyunumuzu tapacağıq və azarkeşlərimizi sevindirməyə başlayacağıq. AZAL-a qarşı yaxşı oynadıq, demək olar ki, bütün oyun ərzində hücum etdik, amma nəticə qazana bilmədik.
- Klubunuzun düşərgəsinə yaxşı əhval-ruhiyyədə qayıtmamısız. Çünki yığmamızın Bolqarıstanla ev oyununda məğlubiyyətlə üzləşdiz...
- Bu oyuna yaxşı hazırlaşmışdıq, qələbə gözləyirdik. Bilirdik ki, rəqib də ciddi komandadı. Hətta bir xal da bizi qane edərdi. Amma heç-heçə hesabını qoruya bilmədik.
- Belə oyunla yığmadan nə gözləmək olar?
- Yaxşı komandamız var. Əvvəlki illərlə müqayisədə indi daha güclü heyətə malik olduğumuzu düşünürəm. Çalışacağıq ki, qarşıdakı oyunlarda uğur qazanaq.
- Niyə əsas heyətdə yer almamışdız?
- Heç özüm də bilmirəm. Düzünü desəm, əsas heyətdə oynayacağımı gözləyirdim. Amma baş məşqçi fərqli qərar verdi. Çalışacam, özümü klubumda göstərim.
- Baş məşqçi ilə söhbətiniz oldu?
- Bəli. O, məndən razıdı. İstənilən halda onun qərarına hörmətlə yanaşmağa borcluyam.
