"Azərbaycana gəlməyimə dəyərdi"
Bu həftə keçiriləcək Topaz Premyer Liqasının 5-ci turunda “Qəbələ” səfərdə “Simurq”la qarşılaşacaq. Azerisport.az xəbər verir ki, klub saytına danışan “qırmızı-qaralar”ın mövsümlərarası fasilədə heyətinə qatdığı nigeriyalı futbolçu Ekiqo Ehiosun qarşıdakı matçla bağlı fikirlərini açıqlayıb:
“Hər qarşılaşmada olduğu kimi, bu dəfə də bütün bacarığımızı meydanda qoyacağıq. Zaqataladakı görüşdə əzmlə mübarizə aparacağıq. Biz meydanda hər şeyi, o cümlədən son oyunun nəticəsini unudub, yalnız matça köklənirik. Ümid edirəm ki, “Simurq”la səfər oyunundan xalsız qayıtmayacağıq. Uğurları sıralamağa nə qədər tez başlasaq, bir o qədər yaxşıdı”.
24 yaşlı hücumçu çempionatın ilk 4 turunu da dəyərləndirib: “Arxada qalan 4 oyun haqqında çox şey deyə bilmərəm. Hər ötən oyun növbəti qarşılaşmada nələrisə daha yaxşı etmək üçün bir addımdı. Bu da çox yaxşı olmasa da, pis də deyil”.
“Qəbələ”də debütü mövsümün startına təsadüf edən Ekiqo Premyer Liqanın 4 oyununda meydana çıxıb. Forvard qarşıdakı turlarda komandaya daha faydalı ola biləcəyini düşünür: “Premyer Liqanın startı mənim üçün Azərbaycanda debütlə əlamətdar oldu. Bu oyunlardakı çıxışımı dəyərləndirsəm, deməzdim ki, yaxşı olmadı. Amma daha da artırmaq üçün potensialım var. Bunların ilk matçların olduğunu nəzərə alsaq, növbəti oyunlar üçün daha çox çalışmalıyam. Mən də daha yaxşı oynayıb, komandama daha faydalı olmaq üçün əlimdən gələni edəcəm”.
O, çempionatımız barədə danışmağın hələ tez olduğunu bildirib: “Azərbaycan Premyer Liqası haqda nə isə demək tezdi. Çünki arxada cəmi 4 oyun qalıb. Lakin bu qısa müddətə əsasən çempionatın zəif olmadığını deyə bilərəm. Bir sözlə, bura gəlməyimə dəyərdi”.
