Maksim Medvedev: Foqts bilsəydi, fərqli heyət buraxardı
Futbol üzrə Azərbaycan yığmasının və "Qarabağ"ın müdafiəçisi Maksim Medvedevin azerisport.az saytına müsahibəsi
- AÇ-2016-nın seçmə mərhələsindəki ilk oyunda məğlub olduz. Bolqarıstanla oyunu necə şərh edə bilərsiz?
- Biz bu oyuna nəticə qazanmaq üçün çıxmışdıq. Uşaqların qələbə qazanmaq istədiyi hiss olunurdu. Amma topa istədiyimiz kimi nəzarət edə bilmədik. Erkən qol vurmaq istəyirdik, tələsirdik. Oyunun tempini tuta bilmədik. Əslində, bolqarlar da ciddi nə iləsə yadda qalmırdılar. Sadəcə, bir yaxşı hücum təşkil etdilər, ondan da yararlandılar. Bu qol bizi bir qədər ayıltdı.
- Dmitri Nazarovdan qol gözləyirdiz?
- O, yaxşı qol vurdu. Başqası onun yerinə olsaydı, oradan qapıya zərbə endirməzdi. Amma Dima elə qərar qəbul etdi və qol vurdu.
- Cavab qolundan sonra hücumlar təşkil etmədiz. Niyə?
- Xətlər arasında əlaqə bizdə o qədər də ideal deyil. Xüsusilə də yarımmüdafiə ilə hücum arasındadı. Sanki, azlıqda oynayırdıq. Hücumdakı futbolçularımız bir-birini başa düşmürdülər. Raufun qol vurmaq üçün əla imkanı oldu. Mahir ona ələ ötürmə etmişdi. Amma zərbəsi dəqiq alınmadı.
- Sizə elə gəlmir ki, heyət düzgün qurulmamışdı?
- Mən heyətlə bağlı danışa bilmərəm. Çünki özüm də bu komandanın bir üzvüyəm. Bu, baş məşqçinin işidi. Mən futbolçuyam, işim isə oynamaqdı.
- Baş məşqçi səhv edə bilməz?
- Yəqin ki, o, matçın belə nəticələnəciyini, cərəyan edəcəyini bilsəydi, tam fərqli heyət çıxarardı.
- Bolqarıstana qarşı oynamaq istəyirdiz?
- Əlbəttə. Amma qırmızı vərəqə aldığıma görə, bu, mümkün deyildi.
- Sizcə, belə oyundan və məğlubiyyətdən sonra üçüncü yer haqda düşünməyə dəyər?
- Mübarizə hələ qabaqdadı. Əlbəttə, bolqarları udmağımız daha yaxşı olardı. Ümumiyyətlə, bizim Bolqarıstan, Norveç kimi ortabab komandalara qalib gəlməyimiz lazımdı. Təbii ki, ciddi uğurlar qazanmaq istəyiriksə. Artıq bolqarlara səfərdə qalib gəlmək haqda düşünməliyik. Baxmayaraq ki, bu, çox çətin olacaq.
