Vaqif Cavadov: Millimiz yaxşı oynadı, məğlubiyyətə layiq deyildik
Azərbaycan millisinin futbolçusu Vaqif Cavadov AÇ-2016-nın seçmə mərhələsində Bolqarıstanla oyundan sonra azerisport.az saytının suallarına cavab verib.
- Azərbaycan millisinin oyunundan razı qaldın?
- Məncə, Azərbaycan millisi pis oynamadı. Yaxşı oynadıq, sadəcə, bəxtimiz gətirmədi. İlk hissədə üstünlüyümüz var idi, amma yaradılan imkanlardan istifadə etmədik. İkinci hissəyə də yaxşı başladıq. Bərabərlik qolunu da vurduq, sadəcə, sonradan səhvlərimiz oldu. Demək olar ki, bu səhvlərə görə uduzduq. Ümumilikdə, futbolçularımız yaxşı oynadı. Meydanın vəziyyəti o qədər ideal olmasa da, biz çox çalışdıq.
- Fikrincə, milli yaxşı oynadı. Axı komanda hücum qurmaqda çətinlik çəkirdi...
- Mən belə deməzdim. Sadəcə, rəqibin də üstün olduğu dəqiqələr oldu. Hesabı bərabərləşdirəndən sonra müəyyən qədər təzyiq etdik. Çalışdıq, daha bir qol vuraq, amma alınmadı. Bəxtimiz gətirmədi. Sona qədər çalışdıq, istəyirdik seçmə mərhələyə qələbəylə başlayaq.
- Bolqarıstana evdə məğlubiyyət seçmə mərhələdəki şanslarımızı azaldır...
- İlk olaraq qeyd edim ki, bu gün məğlubiyyətə layiq deyildik. Görüş bərabər hesabla başa çatsaydı, daha düzgün olardı. Bu seçmə mərhələnin ilk oyunudu, ona görə indidən nəsə söyləmək çətindi. Bu oyunu evdə udmalıydıq, amma artıq bu görüş tarixdə qaldı. Gərək növbəti oyunlara hazırlaşaq.
- Öz oyunundan razı qaldın?
- Mən heç vaxt öz oyunum haqda danışmıram. Siz bilirsiniz ki, özümə qiymət verməyi sevmirəm. Oyunum haqda məşqçilər, jurnalistlər nəsə deyə bilər.
- Oktyabrda İtaliya və Xorvatiya ilə səfər oyunlarımız var. Belə oyunla həmin matçlarda biz nəyə ümid edə bilərik?
- Daha yaxşı hazırlaşmalıyıq. Oktyabrda ardıcıl iki səfər oyunumuz var. Bir qədər çalışmalıyıq ki, uğurlu nəticə olsun. Hər iki yığma qrupda liderliyə iddialıdır. Bu mənada bizə çətin olacaq.
- Bu oyundan sonra Azərbaycan millisinin qrupda 3-cü olmaq şansı qalır?
- Futbolda əsas nəticədi. Sözsüz, məğlub olmuşuqsa, deməli, səhvlərimiz olub. Biz də qalib gəlmək istəyirdik. Toparlanmaq lazımdı. Növbəti oyunlara daha yaxşı hazırlaşmaq lazımdı. Milli hər zaman sona qədər mübarizə aparıb. Seçmə mərhələdəki rəqibləri yada salanda, Bolqarıstanla oyunda qələbə qazanmağa daha çox istəyirdik. Bu uğur digər oyunlarda motivasiya olacaqdı. Lakin sonluq hamıya məlumdu.
