Svetoslav Dyakov: Bakıya 3 xal üçün gəlmişik
Futbol üzrə Bolqarıstan yığmasının yarımmüdafiəçisi Svetoslav Dyakov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini aaçıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
- Bolqarıstan yığması Bakıdakı oyundan nə gözləyir?
- Bura böyük ümidlərlə gəlmişik. Bu görüşdə qələbə qazanmaq istəyirik.
- Bu, nə dərəcədə çətin olacaq?
- Əlbəttə, çətin olacağını bilirik. Bilirəm ki, Bakıda heç bir komandaya asan olmur. Sizin futbolçular evdə yaxşı oynayırlar.
- Azərbaycanın Rusiya ilə yoxlama oyununa baxmısız?
- Həmin oyun sadəcə, yoxlama görüşü idi. Özümüzü aldatmamalıyıq. Belə matçlarda gənc futbolçulara şans verilir. Əslində isə biz Azərbaycan yığmasının nəyə qadir olduğunu bilirik və rəqibə ciddi yanaşırıq.
- Bakıda mümkün məğlubiyyət sizin üçün faciə sayılacaq?
- Məğlubiyyət sadəcə, xoşagəlməz olacaq. Biz Almaniya və ya İspaniya deyilik ki, hansısa məğlubiyyətimizi faciə hesab edək. Düzdü, yaxşı futbolçularımız var. Buna görə məğlubiyyət haqda düşünmürük. Bakıya da üç xal qazanmaq üçün gəlmişik.
- Komandanız niyə gizli yoxlama oyunu keçirdi?
- Buna baş məşqçi qərar verir. Bəs siz bunu hardan bilirsiz?
- Bu barədə bütün Bolqarıstan mətbuatı yazmışdı...
- Aydındı. Həmin oyun bizə çatışmazlıqlarımızı görməyə imkan verdi.
