Latviyada Azərbaycan milli komandası Ermənistan yığması kimi təqdim olundu
Xəbər verdiyimiz kimi, Latviyanin Liepaya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, latviyalı həmyaşıdları ilə qarşılaşan yığmamız 6:0 hesabı ilə qələbə qazanıb.
Qolları Emin Zamanov, Mənsur Nəhavəndi, Budaq Nəsirov, Bəhlul Mustafazadə, Vadim Ağarəhimov və Elnur Cəfərov vurub. Lakin bu oyunda latviyalılar komandamızı Ermənistan yığması kimi təqdim ediblər.
Stadionun diktoru öncə Latviya yığmasının rəqibi kimi Ermənistan yığmasıyla oynadıqlarını qeyd edib. Azərbaycan yığmasının heyətində hər əvəzetmə olanda da diktor komandamızı Ermənistan yığması kimi səsləndirib.
Lakin bu, yığmamızın nümayəndələri tərəfindən kəskin narazılıqla qarşılanıb. Nəticədə, Latviya Futbol Federasiyasının rəsmiləri qonaqlardan üzr istəməli olub. Bu hadisə futbolçularımıza da az təsir göstərməyib. Görünür, bir neçə gün öncə bu rəqibinə 2 cavabsız qolla uduzan komandamızın bu dəfə 6:0 hesabıyla qalib gəlməsinə məhz diktorun bilərəkdən və ya bilməyərəkdən etdiyi səhv təsir göstərib.
