Xristov: Favorit olsaq da, oyun kağız üzərində keçirilmir
Bolqarıstan yığmasının hücumçusu Vençislav Xristov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçiriləcək oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb:
- Oyundan nə gözləyirsiz?
- Bu, bizim start oyunumuzdu. Seçmə mərhələyə qələbə ilə başlamaq istəyirik. Bizim əsas hədəfimiz final mərhələsinə çıxmaqdı. Bunun üçün də Bakıdan qələbə ilə qayıtmağa məcburuq.
- Rəqib barədə nə bilirsiz?
- Ətraflı məlumatım yoxdu. Bilirəm ki, komandanı Berti Foqts çalışdırır. İstənilən halda Bakıdakı görüşdə qələbə qazanmaq bizim üçün vacibdi. Çünki Azərbaycanla oyundan sonra bizi Xorvatiya ilə görüş gözləyir.
- Rəqibin oyununu görmüsüz. Necə təsir bağışlayır?
- Yaxşı hücum xəttiniz var. Müdafiədə müəyyən səhvlər olur. Amma cinahlar yaxşı işləyir. Biz komanda oyunu sərgiləyirik. Azərbaycan da bir oyunçu üzərində oyun qurmur.
- Bolqarıstan favoritdi?
- Elədi. Amma oyun kağız üzərində, proqnozlar əsasında yox, meydanda keçirilir. İndi zəif komanda yoxdu. Ona görə hər rəqibə hörmətlə yanaşmaq lazımdı.
