Reynaldo millimizdə, Araz ən bahalı futbolçumuz ampluasında
Bolqarıstan mətbuatı özlərinin yığma komandası ilə Azərbaycan yığmasının üzvlərinin maddi dəyəri arasında müqayisə aparıblar. Azerisport.az xəbər verir ki, News7 portalı bu məsələyə bir qədər fərqli yanaşıb.
Sözügedən portalın əməkdaşları hər iki komandanın 5 ən bahalı futbolçusunun adını çəkib. Bolqarıstan yığmasında ən bahalı futbolçu İvelin Popov göstərilib (9 000 000 avro). Sonrakı yerləri Georgi Milanov (8 500 000), İvan İvanov (4 000 000), Stanislav Manolev (3 000 000) və Simeon Slavçev (3 250 000) tutur. Ümumi məbləğ: 27,75 milyon.
Azərbaycan yığmasının ən bahalı beş futbolçusu sırasında isə Reynaldonun göstərilməsi diqqət çəkir. Halbuki, "Qarabağ"ın forvardı hələ millimizdə çıxış etmir.
Bütövlükdə, bolqarlar yığmamızın ən bahalı futbolçuları sırasında aşağıdakı oyunçuların adlarını göstərib: Araz Abdullayev (5 000 000 avro), Vaqif Cavadov (4 500 000), Vüqar Nadirov (4 000 000), Cihan Özkara (3 000 000) və Reynaldo (1 500 000). Cəmi: 18 milyon.
