"Azərbaycan yığmasının öz oyun üslubu var"
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan Bolqarıstanı qəbul edəcək. Azerisport.az xəbər verir ki, rəqib komandanın futbolçusu Georgi Milanov yığmamızla keçiriləcək oyunla bağlı fikirlərini açıqlayıb.
22 yaşlı yarımmüdafiəçi komandamızın zəif cəhətlərindən istifadə etməyə çalışacaqlarını bildirib: "Ümid edirəm ki, yaxşı oynayıb, azarkeşlərimizi sevindirəcəyik. Rəqibimiz güclü komanda olsa da, zəif cəhətləri də var və bundan yararlanmağa çalışacağıq. Azərbaycan millisinini başqa komandalarla müqayisə etmək istəmirəm. Onların öz oyun üslubları var. Fikrimcə, bizi meydanın özlərinə aid hissəsinə buraxmamağa və hücumlarla qorxutmağa çalışacaqlar.
Bizə gəlincə, bəxtsizlikdən İvelin Popovu itirdik. Amma düşünürəm ki, bizim keyfiyyətli komandamız var və onsuz da nəyə qadir olduğumuzu göstərə bilərik. Ötən seçmə mərhələdəki səhvlərimizdən nəticə çıxarmışıq. Ümidvaram ki, həmin səhvləri təkrarlamarıq.
Çətin qrupda yer almışıq. Lakin bu qrupdan çıxmaq şansımız var. Bunun üçün əlimizdən gələni edəcəyik".
