Cihan Özkara: Əsl gücümüzü Bolqarıstanla oyunda göstərəcəyik
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Cihan Özkara AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstana qarşı keçiriləcək oyun öncəsi azarisport.az saytının suallarını cavablandırıb.
- Bolqarıstanla oyuna hazırlıq necə gedir?
- Biz bu oyuna çox ciddi hazırlaşırıq. Yaxşı mənada aqressiv və hirsliyik.
- Bu, Rusiyaya 4 cavabsız qolla uduzmağınızdan irəli gəlir?
- Həmin oyunu xatırlamaq belə istəmirəm. Moskvadakı oyunu artıq unutmuşuq. Bütün fikrimiz Bolqarıstanla oyuna yönəlib.
- Berti Foqts bolqarlarla bağlı sizə xüsusi nəsə danışıb?
- Mən bu oyun öncəsi əlavə motivasiya lazım olduğunu düşünmürəm. Evdə oynayırıq, tsiklin ilk matçıdı. Qələbə qazanmalıyıq.
- Komandamız bu oyunda nəyə ümid edə bilər?
- Biz ancaq üç xal haqda düşünürük. Əsl gücümüzü bu oyunda göstərmək istəyirik.
- Amma bolqarlar da çox iddialı danışırlar...
- Ola bilər. Amma biz ancaq özümüzə ümidliyik. Əgər ümidli oynasaq, bizdə hər şey alınacaq.
- Bu seçmə mərhələdə hədəf nədi?
- Fikrimcə, bu seçmə tsikldə bizim üçün hər şey daha yaxşı olacaq. Qoy azarkeşlər də bizə inansınlar.
