Rauf Əliyev: Deməzdim ki, güclü heyətə malikik
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rauf Əliyevin azerisport.az saytına müsahibəsi
- Milli Bolqarıstanla oyuna hazırdı?
- Hələ hazırlaşırıq. Allah eləsin ki, oyuna kimi tam hazır olaq.
- Yığmanın əsas hədəfi nədi?
- Əlbəttə, biz bu oyunda uğurlu nəticə qazanmaq istəyirik. Nərəzə alsaq ki, seçmə mərhələnin ilk oyunudu, Bakıdakı görüşdən mütləq qələbə ilə ayrılmaq istəyirik.
- Yəni, bolqarları məğlub edəcəyinizə əminsiz?
- Əgər oyunumuz alınsa, istəyimizə çata biləcəyik. Yeni tsiklə qələbə ilə başlamaq yaxşı olardı.
- Rusiyaya 0:4 hesablı məğlubiyyət komandamıza mənfi təsir etməyəcək?
- Bu oyunu unutmağımız lazımdı. O, artıq keçmişdə qaldı. Bütün diqqətimiz Bolqarıstanla oyuna yönəlib. Qarşıdakı oyunda 100 faiz gücümüzü meydanda qoymalıyıq ki, nəticə qazanaq.
- Amma futbol ictimaiyyəti həmin oyundan sonra milliyə böyük ümidlər bəsləmir...
- Bolqarlara qarşı tam fərqli oynayacağıq. İnanıram ki, azarkeşlərimizi sevindirə biləcəyik.
- Rusiya ilə oyunda iştirak etmirdiz. Bolqarlarla görüşdə ilk dəqiqələrdən meydanda olacaqsız?
- Hələ heyət məlum deyil. İstənilən halda meydana çıxmağa, tam gücümü qoymağa hazıram. Hər şeydən önəmlisi isə komandamızın uğur qazanmasıdı.
- Hamı yığmamızın indiki heyətinin daha güclü olduğunu düşünür. Siz də bu fikirlə razısız?
- Mən güclü heyətə malik olduğumuzu deyə bilmərəm. Nəyin necə olduğunu oyun göstərəcək.
