Elxan Məmmədov: Mən də Reynaldonun yığmamızda oynamasını istərdim
AFFA-nın baş katibi Elxan Məmmədov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstana qarşı keçiriləcək oyundan, Azərbaycanın AÇ-2020-yə ev sahibliyi etmək şanslarından danışıb. Azerisport.az sizi həmin açıqlamalarla tanış edir:
- Bolqarıstanla oyundan nə gözləyirsiz?
- 3 xal gözləyirik. Fikrimcə, yığmamız bu qrupda 3-cü yer uğrunda mübarizə aparmağa qadirdi. Ötən seçmə mərhələdə dördüncü olduq, indi daha yüksək yerlər uğrunda mübarizə aparmalıyıq. Komanda bunun məsuliyyətini dərk edir.
- Rusiyaya 0:4 hesablı məğlubiyyətin səbəbini nə ilə izah edərdiz?
- Rusiya ilə oyunda əsas məqsəd komandanı yoxlamaq idi. Bu oyunumuzu izləmək üçün Bolqarıstan, İtaliya və Norveç yığmalarının nümayəndələri də Moskvaya gəlmişdi. Amma bizim üçün əsas rəsmi oyunlardı.
- U-21 yığmamızın İsrail üzərindəki qələbəsini nə ilə izah edərdiz?
- Bu, çox yaxşı qələbədi. Görünür, koamndamızın üzvləri səfərdəki 2:7 hesablı məğlubiyyəti unutmayıbmış.
- Bernard Lippert bu oyundan öncəki açıqlamasında istefa vermək istədiyini açıqlayıb...
- Biz seçmə mərhələnin gedişində baş məşqçi dəyişmirik. Bu barədə o, bizə daha öncədən xəbər vermişdi. Tsikl başa çatdıqdan sonra AFFA prezidenti Rövnəq Abdullayevlə də məsləhətləşəcəyik. Lippertə təklif etmək lazımdı ki, Portuqaliya ilə oyundan öncə də istefasından danışsın, bəlkə, orada da qələbə qazandıq.
- Siz qrupda üçüncü yeri tutmaqdan dəm vurursuz. Bəs Berti Foqts bu barədə nə düşünür?
- O da komandamıza inanır. Heç bir qorxu hiss etmir. Foqts da qrupda üçüncü olmağımızı çox istəyir.
- Reynaldonun milliləşdirilməsi məsələsinə necə baxırsız?
- Bir azarkeş kimi mən də Reynaldonu millimizdə görmək istərdim. Amma biz öncədən qərar vermişik ki, yığmamızda azərbaycanlı futbolçular çıxış etməlidilər. FİFA-nın qaydaları var və ona əməl etmək lazımdı. Milliləşdirilən futbolçu ən azı 5 il həmin ölkədə çıxış etməlidi. Hər şeyə FİFA qərar verəcək. Biz FİFA-ya məktub yaza və Reynaldonun yığmamızda oynamaq istədiyini deyə bilərik. Amma futbolda digər idman növləri ilə müqayisədə çətindi. Yığmamızda çıxış edən türklərə gəlincə, biz boş yerə "bir millət, iki dövlət" deyimini işlətmirik ki. Reynaldo Azərbaycanda 17 aydı çıxış edir.
- Onunla bu barədə söhbət etmək fikriniz var?
- Ayın 18-nə qədər onunla söhbətimiz olacaq. Onu da nəzərə almaq lazımdı ki, Reynaldo sabah hansısa başqa kluba keçəcəyi halda, yığmamıza gələcəkmi?
