Abatsiyev: Qarabağla Neftçi qrup mərhələsində oynasa, bu, bizə çempionluq yolunda sərf edər
"İnter"in yarımmüdafiəçisi Abdulla Abatsiyevin azerisport.az saytına müsahibəsi
- "Sumqayıt" üzərində qazandığınız qələbə barədə nə deyə bilərsiz?
- Bu görüşə yaxşı hazırlaşmışdıq. Rəqibi tam öyrənə bilmişdik. Bilirdik ki, yaxşı hücumlar təşkil edirlər, müdafiəyə daha böyük qüvvəylə çəkilirlər.
- Amma siz həmin böyük qüvvəylə müdafiə olunan komandaya 5 qol vurduz...
- Say keyfiyyət demək deyil. Bunu həmin oyun da göstərdi. "Sumqayıt" pis komanda deyil. Topa nəzarət etməyi yaxşı bacarırlar.
- Sizin bu oyunda vurduğunuz ilk qolu həm də ən gözəl saymaq olar?
- Fikrimcə, Mikel Alvaronun lap axırda vurduğu qol daha gözəl alındı.
- Öz vurduğunuz qolu gözəl saymırsız?
- Mən vurduğum qol da gözəl idi. 25 metrlik məsafədən vurdum və qol oldu.
- "İnter" Premyer Liqanın layiqli lideridi?
- Fikrimcə, hə. Biz çempionata xallarla başlamağı öncədən də hədəfləmişdik. Yaxşı hazırlıq dönəmi keçirdik. Avropa Liqada bir neçə rəsmi oyuna çıxdıq, yoxlama oyunlarında qüvvəmizi sınadıq. Amma indi birinci pillədə olmağımız heç nədən xəbər vermir. Bəzi komandaların ehtiyatda oyunu var.
- Yəqin ki, mövsümün sonuna kimi birinci pillədə qalmaq üçün çalışacaqsız...
- Ötən mövsüm də bizim hədəfimiz çempion olmaq idi. Sona kimi "Qarabağ"ı izlədik. Bu mövsüm də istisna deyil.
- Bu yolda "Qarabağ"la "Neftçi"nin Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması sizə sərf edər?
- İki Azərbaycan klubunun qrup mərhələsinə vəsiqə qazanmasına ancaq sevinə bilərəm. Bu, bütün ölkə üçün müsbət bir hal olardı. Eyni zamanda təbii ki, "İnter"ə də sərf edər.
- Rusiya və Bolqarıstanla oyunlara çağırılacaqsız?
- Mənə elə gəlir ki, hələ siyahıda yoxam. Ola bilər ki, yığmaya kimlərin çağırılacağına bu həftə aydınlıq gəlsin.
