Vüqar Nadirov: Taleyimiz öz əlimizdədi
"Qarabağ"ın futbolçusu Vüqar Nadirov azərisport.az saytının sullarına cavab verib
- "Tvente" ilə oyunla bağlı fikirlərini bilmək istərdik...
- "Qarabağ" hücum edib qol vurmaq istəyirdi. Rəqib heç-heçəylə kifayətlənmək fikrində olsa da, əks hücumlarda təhlükə yaratmağa çalışdı. "Tvente" yaxşı komandadı. Hollandiya çempionatında ötən mövsümün ən yaxşı klublarından biridi. Biz azarkeşlərimizi sevindirmək istəyirdik, amma alınmadı. Bütün ümidimiz səfərədi. Hollandiyada biz lazımi nəticəni qazanmaq üçün oynamalıyıq.
- Sənin bir neçə dəfə qol vurmaq şansın oldu. Hətta bir dəfə qapıçıyla təkbətək qaldın...
- İstədiyimi reallaşdıra bilmədim. Təkbətək mübarizə zamanı topu qapıçının başı üzərindən atmaq istədim. Lakin alınmadı. Bəlkə də həmin anda zərbəylə topu yandan qapıya vurmaq doğru olardı. Təəssüf edirəm ki, imkanlardan yararlanmadıq.
- "Qarabağ"a qələbə qazanmaq üçün nə mane oldu?
- Üstün tərəf olsaq da, oyunda istədiklərimizi etmədik. Ən böyük problem qol vəziyyətlərin realaşdırılmaması oldu. Biz vəziyyətləri istifadə etsəydik, səfərə daha rahat yollanmaq olardı. Digər tərəfdən 0:0 pis nəticə deyil. Əlbəttə, qələbə daha yaxşı olardı. Sadəcə, bu dəfə doğma meydanda uğur qazanmaq alınmadı.
- Oyun zamanı aqressiv görünürdün. Bunun səbəbi nə idi?
- Heç bir səbəb yox idi. Aqressiv olanda oyunum yaxşı alınır. İstəyirdim, qol vurum və komandama qələbə qazandırım. Meydana çıxan hər bir futbolçumuz qol arzulayırdı. Bakıda vurmalı olduğumuz qolları Hollandiyada vurmaq lazım olacaq.
- 5 il əvvəl "Tvente"yə qol vurmuşdun. Həmin komandayla indiki arasında çox fərq var?
- O zaman onların heyətində ulduz futbolçular var idi. "Tvente" daha təcrübəli komanda idi. İndi gəncləşdirmə siyasəti aparırlar. Bununla belə "Tvente"nin heyətində perspektivli futbolçular çoxdu. Gənclər aqressiv oyunla özlərini sübut etmək istəyirdi. Sözsüz, həmin "Tvente" daha güclü idi.
- Səfərdə "Qarabağ"ın şansları necədi?
- Şanslarımız bərabərdi. Sadəcə, biz qrup mərhələsinə yaxın olduğumuzu anlamalıyıq və sona qədər mübarizə aparmalıyıq. İtiriləsi heç nə yoxdu. Mən inanıram ki, "Qarabağ" uğur qazanacaq. Biz səfərdə rəqibə qalib gəlməklə Avroliqanın qrup mərhələsinə düşməliyik. Öz taleyimiz öz əlimizdədi.
