25 avqust 2014 17:00

"Artıq digər yığmalar bizimlə hesablaşır"

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının baş məşqçisi Jose Miguel Mateus AFFA-nın saytına müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.
 
- Avqustun 28-dən 31-dək Jumeirah Bilgah Beach otelinin çimərlik futbolu meydançasında Çimərlik Futbolu üzrə Avropa Kuboku – Bakı 2014 ( Europen Beach Soccer Cup - Baku 2014 ) turniri keçiriləcək. Bu məqsədlə milli komanda sizin rəhbərliyiniz altında avqustun 21-dən təlim-məşq toplanışına yığışıb. Yarışa hazırlıq necə gedir?
- Bu təlim-məşq toplanışının əsas məqsədi 2 yarışa hazırlaşmaqdır. Birincisi 3 gün sonra Bakıda start götürəcək Çimərlik Futbolu üzrə Avropa Kuboku turniri, digəri isə dünya çempionatının seçmə mərhələ oyunlarıdır. Əslində, hazırlığımız 2 ay əvvəl başlayıb. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının və Çimərlik Futbol Fererasıyasının rəhbərliyini bu böyük yarışın Bakıda təşkilinə nail olduqları üçün təbrik edirəm. Turnirdə A divizionunda yer alan 5 komanda iştirak edəcək. Bildiyiniz kimi, bizim milli komanda B divizionunda qərarlaşıb. Məqsədlərimizə nail olmaq, inkişaf etmək üçün gərəkli bir turnirdir. Böyük komandalarla görüşdə nəyə qadir olduğumuzu görmək üçün yaxşı fürsət əldə etmişik. Məqsədimiz milli komandanı daha hazır vəziyyətə gətirmək və inkişaf etdirməkdir. Bu yarış, eyni zamanda, Azərbaycanda çimərlik futbolunun inkişafı və ölkəmiz üçün yaxşı reklamdır.
 
- 1-ci qrupda yer alan milli komandamız İsveçrə və Yunanıstan yığmaları ilə mübarizə aparacaq. Bu rəqiblər haqda nə bilirsiniz?
- Hər iki komanda cox güclüdür. Həm İsveçrə, həm də Yunanıstan A divizionunda yer alan komandalardır. İsveçrə millisi çimərlik futbolunda dünyanın 5 ən yaxşı komandasından biridir. Yunanıstan yığması futbolun bu növündə ən təcrübəlilərindən hesab olunur. Əlbəttə, əsas məqsədimiz bu səviyyədəki rəqiblərə qarşı layiqli mübarizə aparıb oyunumuzu mərhələ-mərhələ inkişaf etdirməkdir. Digər qrupda isə Dünya və Avropa çempionu olan Rusiya komandası yer alıb. Həmçinin Avropanın vitse-çempionu İspaniya və A divizionuna yüksəlmiş Macarıstan yığması mübarizə aparacaqlar. Milli komandamız, futbolçularımız üçün yaxşı haldır ki, belə güclü yığmalara qarşı oynayacaqlar.
 
- Yığmamız sonuncu dəfə İspaniyanın Torredembarra şəhərində təşkil olunmuş çimərlik futbolu üzrə Avropa Superfinalında mübarizə aparıb və yekunda 3-cü yerə sahib olub. Bu turnirdə komandamız necə təsir bağışladı, futbolçularda nə kimi çatışmazlıqlar müşahidə etdiniz?
- Həmin turnirə çox yaxşı hazırlaşmışdıq. 4 oyunun yalnız birində məğlub olduq. Uduzduğumuz komanda A divizionunda yer alan Polşa yığması idi. Bu yarışda, Macarıstan yığmasını çıxmaq şərtilə, B divizionunun ən yaxşı komandalarına qarşı mübarizə apardıq. Macarıstan yığması da məhz İspaniyadakı Avropa superfinalından sonra A divizionuna yüksəldi. Yekunda 3-cü yeri tutduq. Bu da B divizionunda 3 ən yaxşı yığmadan biri olduğumuzu göstərir. Oyunlara gəlincə, düzgün təşkilatlanmış komanda təsiri bağışladıq. Artıq digər yığmalar bizə yuxarıdan aşağı baxmırlar. Bizimlə hesablaşırlar. Bakıda təşkil olunacaq Avropa Kubokunda Azərbaycanı layiqincə təmsil etməyə çalışacağıq.
 
- Evdə oynamağımızı milli komanda üçün üstünlük hesab etmək olarmı?
- Nəinki çimərlik futbolunda, digər idman növlərində də meydan sahibləri nisbi üstünlüyə malik olurlar. Meydançaya daha yaxşı bələd olmaq, azarkeşlərimizin dəstəyi, yaxınlarımızın oyunu izləməsini xüsusi amillərdir. Əlbəttə, bu sadaladıqlarımız məsuliyyətimizi daha da artırır.
 
- Bildiyiniz kimi, gələn il ilk dəfə təşkil olunacaq Avropa Oyunları ölkəmizdə keçiriləcək. 19 idman növü üzrə təşkil olunacaq Avropa Oyunlarına çimərlik futbolu da daxildir. Yarışın hazırlıq planı müəyyənləşdirilibmi?
- İlk dəfə keçiriləcək Avropa Oyunlarının Bakıda təşkil olması Azərbaycan üçün böyük uğurdur. Çox əhəmiyyətli yarışdır. O vaxtadək daha çox beynəlxalq səviyyəli oyunlar keçirməliyik, turnirlərdə iştirak etməliyik. Futbolçularımızın yaxşı səviyyəsi var, ancaq bunu artırmaq üçün böyük komandalarla qarşılaşmalıyıq. Son 2 ayda yüksək səviyyəli yarışlarda iştirak etmişik. Moskvada Avropa Liqasında, İspaniyada isə Superfinalda mübarizə aparmışıq. İndi isə Bakıda Avropa Kubokunda qüvvəmizi sınayacağıq. Bu yarışdan sonra İtaliyada Dünya Çempionatının seçmə mərhələsinin oyunları olacaq. Əlbəttə bu cür yarışlar komandamızın daha da inkişafına təkan verir. Dayanmaq lazım deyil. Təcrübəmizi artırmaq üçün daha çox oyunlar keçirməliyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.