Böyükağa Hacıyev: Cavab matçında canımızı meydanda qoyacağıq
"Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev azerisport.az saytına müsahibəsində "Partizan"la oyundan danışıb, Kanalesin vəziyyəti barədə məlumat verib.
- "Neftçi"nin erkən qollarla rəqibi şoka salacağını gözləyirdiz?
- Erkən təzyiqi dəf etdikdən sonra üstünlük qazandıq. Ardıcıl iki qol bizə cütün taleyini böyük ölçüdə səfərdə həll etməyə imkan verirdi. Amma bundan sonra arxayınlıq özünü göstərdi. Futbolçular artıq qələbə qazandıqlarını düşünürdü. Oyun intizamı pozuldu. Təəssüf ki, biz özümüz "Partizan"a qalib gəlməyə şərait yaratdıq. Onların vurduğu 3 qolu biz hədiyyə etdik. İki qolu mərkəz müdafiəçimiz öz qapımıza vurdu. Birində də Saşa Stamenkoviç qapını tərk etdiyi üçün rəqib əla fürsət qazandı. "Neftçi" 4 qol vurdu, amma uduzdu. Bu, yaxşı hal deyil.
- Belə oyundan sonra komandayla söhbətiniz oldu?
- Matçdan sonra futbolçulara heç vaxt söz demirəm. Çünki, oyunun gərginliyi çox olur. Bakıda ilk məşq zamanı futbolçularla ciddi söhbət olacaq. Onlar cavab matçında məsuliyyəti anlamalıdılar. Biz mütləq qrup mərhələsinə düşməliyik. Belqradda olan səhvlər təkrarlanmamalıdı. Azarkeşlərimizi sevindirməyə borcluyuq.
- İlk oyundakı nəticə hansı komandanın şanslarını artırır?
- Şanslar bərabərdi. Amma real danışanda səfərdə 2:3 hesabı pis nəticə deyil. Bizi Bakıda 1:0 və ya 2:1 hesabı qane edə bilər. Sözsüz ki, biz evdə qələbə qazanmağa çalışacağıq. "Partizan" qarşısında əsl "Neftçi"ni görəcək. Səbrsizliklə avqustun 28-ni gözləyirəm. Onlara gücümüzü göstərəcəyik.
- "Partizan"ı 2 il əvvəlki komandayla müqayisə etmək olar?
- "Partizan" çox güclənib. Orta xəttdə yaxşı futbolçuları var. Ən əsas ucaboylu hücumçularının çıxışını bəyəndim. Top ona çatanda sürətlə irəliləyir. Sona qədər mübarizə aparırlar. Rəqib bir sıra cəhətlərdə artırıb. Amma biz heç kimdən çəkinmirik. Öz oyunumuzu göstərsək, onlara çox çətin olacaq.
- Nikolas Kanalesin vəziyyəti nə yerdədi?
- Komandayla birgə məşqlərdə iştirak edir. Ona uyğunlaşma üçün bir qədər vaxt lazım olacaq. Biz onu 30-35 dəqiqə oynatmaqla komandaya uyğunlaşdırmaq istəyirik. Fikrimcə, problem olmayacaq. Bakıdakı oyuna hazırlaşdırırıq. İstəyirik meydanda olsun və komandaya kömək etsin.
- Komanda evdə nəticəyə oynayacaq, yoxsa?
- Biz nəticəyə oynasaq, istədiyimiz alınmaya bilər. Bu mənada komandamızın uğur qazanması üçün oynayacağıq. Məqsəd qələbə olacaq. Hücum futbolu nümayiş etdirəcəyik. "Partizan" hiss etməlidi ki, qonaqdı. Bakıda onlarla başqa futbol olacaq. Ümumilikdə bizə komandamızın qrup mərhələsinə vəsiqə qazanması lazımdı.
- 2 il əvvəl APOEL-i üstələdiniz və qrup mərhələsinə vəsiqə aldınız. "Partizan"la oyunda artıq müəyyən mənada komandanın təcrübəsi artıb...
- Sizcə, "Neftçi" bu şansı əldən çıxara bilər? Kim istəməz ki, qrup mərhələsinə vəsiqə qazanaq və ən azı yanvara qədər futbol bayramı olsun. Ona görə cavab matçında canımızı meydanda qoyacağıq. "Neftçi"nin ikinci dəfə tarix yazması üçün əla imkanı var. Komandamızın bu fürsəti əldən verməyə haqqı yoxdu.
