Qurban Qurbanov: Ümid edirəm ki, Hollandiyada qələbə qazanarıq
Azərbaycan çempionu "Qarabağ"ın futbolçusu Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Hollandiya "Tvente"sinə qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, qolsuz başa çatan qarşılaşmanı belə şərh edib:
- Qələbə qazanmağı çox istərdik. Alınmadı. Amma hələ cavab oyunu var. Son bir həftədə oyuna Çumbinyo ilə hazırlaşmışdıq. Onun yoxluğu planlarımızı dəyişdi. Cavab oyunu daha maraqlı olacaq. Səfərdə sərfəli nəticə üçün meydana çıxacağıq. Şansımız bərabərdi. Açığı, "Tvente"dən beç nə gizlətmədim. Çumbinyo zədəli olduğu üçün meydana buraxmadım. Sadəcə, oyunçular istədiyim kimi çıxış etmədi. Əvəzləmələri vaxtından tez etdik. Onlar da özlərini pis tərəfdən göstərmədilər.
- Çumbinyo cavab oyununa hazır olacaq?
- Bir az sual altındadı.
- Səfərdə daha asan olacağını düşünürsüzmü?
- Rəqib düzgün müdafiə olunurdu. On nəfərlə müdafiəyə çəkilmişdilər. Buna görə də hücumda istədiyimiz oyun alınmadı. Yüz faizli qol imkanlarımız oldu. Bizi səfərdə rəqibdən daha asan oyun gözləyir. Ümid edirəm ki, Hollandiyada qələbə qazanarıq.
- Düşünmürsüz ki, Çumbinyonun yoxluğu Riçardın oyununa təsir etdi?
- Çumbinyonun yoxluğu bütövlükdə komandanın oyununa təsir etdi. Riçard meydanda bu gün çox iş gördü.
- Cavab matçına qədər "Araz Naxçıvan"la qarşılaşacaqsız. Bu oyunun təxirə salınması üçün müraciət edəcəksiz?
- Çempionata iki gün qalmış hazırlaşmışıq. Hər iki oyuna hazırlaşmalıyıq. Amma istərdim ki, bu oyun təxirə salınsın. Çünki bir neçə oyunçumuz zədəlidi.
- Təcrübəli legionerləri təcrübəsi olmayan gənc futbolçularla əvəzlədiz. Buna sizi vadar edən nə idi?
- Namiqdə həyəcan olsa da, çəkinmirdi. Cavid Tağıyev isə sərbəst oynadı. Hər bir futbolçunun potensialı var. Ancaq hələ tam hazır deyillər.
