Böyükağa Hacıyev: Ayın 28-də başqa Neftçi görəcəksiz
"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Serbiya "Partizan"ına qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 2:3 hesablı məğlubiyyətini belə şərh edib:
"Partizan"ı qələbə münasibətilə təbrik edirəm. Amma cütün qalibi avqustun 28-də müəyyənləşəcək. 2:0 öndə olsaq da, sonda 2:3 hesabıyla uduzduq. Bu, futboldu. Oyundan öncə də maraqlı görüş olacağını qeyd etmişdim. 5 qol oyunun necə gərgin keçməsinin göstəricisidi. Bəzi futbolçularımızın olmaması səbəbindən müdafiədə boşluqlar var idi. Amma avqustun 28-də siz başqa "Netçi" görəcəksiz. İki səfər qolu bizim xeyrimizədi. "Partizan" Bakıda hücum etsə, biz bundan istifadə etməyə çalışacağıq. Stamenkoviç bu gün zəif oynadı, özünü inamlı aparmadı. Görünür, stadiondakı ab-hava ona mənfi təsir edirdi".
