Qarabağ və Neftçi üçün tarixi şans!
Bu gün Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycanın qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirindəki təmsilçiləri - son ölkə çempionu "Qarabağ"la "Neftçi" də növbəti sınağına çıxacaq.
Xatırladaq ki, Ağdam klubu bu mövsüm avrokuboklar macərasına Çempionlar Liqasının ikinci təsnifat mərhələsindən başlayıb. Bölgə təmsilçisinin startdakı rəqibi Malta "Valletta"sıydı. "Qarabağ" bu rəqibini səfərdə 1:0, Bakıda isə 4:0 hesabı ilə üstələyərək, adını növbəti mərhələyə yazdırdı. Üçüncü təsnifat mərhələsində isə təmsilçimiz Avstriya "Zalsburq"una uduzaraq (2:1, 0:2), ÇL ilə vidalaşdı. Lakin qaydaya görə, ÇL-in pley-off mərhələsinə vəsiqə qazana bilməyən klublar mübarizəni Avroliqanın eyni mərhələsində davam etdirmək şansına malikdilər. İndi çempionumuzu bu turnirin qrup mərhələsinə düşmək yolunda Hollandiya "Tvente"si ilə çətin sınaq gözləyir.
Hansı ki, bu klub azərbaycanlı futbolsevərlərə çox yaxşı tanışdı. "Qarabağ" 2009-cu ildə ilk dəfə Avropa Liqasının pley-off mərhələsinə yüksələndə Qurban Qurbanovun komandasının bəxtinə məhz "Tvente" çıxmışdı. Həmin vaxt bu komandanı ingilis mütəxəssis Stiv Maklaren çalışdırırdı. Hollandiyada keçirilən ilk qarşılaşma Vüqar Nadirovun erkən qolu ilə yadda qaldı. Az sonra o, daha bir qol vurmağa yaxın olsa da, bundan yararlana bilmədi. Əvəzində 3 qol vuran meydan sahibləri 3:1 hesabıyla qalib gəldilər. Bakıdakı görüşdə isə qolsuz heç-heçə qeydə alındı.
Həmin mövsüm "Tvente" Hollandiya çempionu adını qazandı. Elə həmin mövsüm "Qarabağ"ın forvardı Vaqif Cavadov bu komandaya transfer olundu. Amma əsas heyətə düşə bilmədiyi üçün sonralar Hollandiyanı tərk etməli oldu. Buna baxmayaraq, Cavadov heç bir oyuna çıxmadan Hollandiya çempionatının qızıl medallarına sahib çıxdı.
Həmin dövrlə müqayisədə, "Tvente" çox dəyişib. Komandaya indi Alfred Şroyder rəhbərlik edilir. O, vaxtilə Maklarenin köməkçisi vəzifəsində çalışıb. Hollandiyalı mütəxəssis 2007/08 mövsümündə "Tvente"də futbolçu kimi çıxış edib. Amma beş il öncə "Qarabağ"a qarşı oynamış futbolçuların heç biri hazırda "Tvente"də qalmayıb. Baxmayaraq ki, Ağdam klubunda bununla bağlı vəziyyət bir qədər fərqlidi.
"Tvente" son mövsümü üçüncü yerdə başa vurub. Enshede şəhərinin təmsilçisi çempion "Ayaks" və gümüş mükafatçı "Feyenoord"dan geri qalıb. Məhz bunun sayəsində komanda Avroliqanın pley-off mərhələsində oynamaq şansı qazanıb. Yəni Hollandiya klubu mübarizəyə birbaşa məhz bu mərhələdən başlayır. "Tvente" son mövsümdə keçirdiyi 34 oyundan 17-də qalib gəlib, 12-də heç-heçə edib və 63 xal toplayıb. Cəmi 5 görüşdə uduzan enshedelilər rəqib qapılarından 72 top keçirdikləri halda, öz qapılarında 35 qol görüblər. Hollandiya çempionatının yeni mövsümü isə bu komanda üçün uğurlu başlamayıb. "Tvente" geridə qalan iki turda eyni sayda heç-heçəyə imza atıb. Bir sözlə, komanda hələ yeni mövsümdə qələbəyə sevinməyib. 3 qol vuran komanda eyni sayda da top buraxıb.
1965-ci ildə yaradılan bu klub "Qarabağ"dan fərqli olaraq, bu günə qədər yalnız bir dəfə - 2010-cu ildə ölkəsinin çempionu ola bilib. "Qarabağ"ın rəqibi 3 dəfə gümüş mükafata sahib çıxıb, eyni sayda da ölkə kubokunu qazanıb. Hollandlar 1975-ci ildə isə UEFA Kubokunun gümüş mükafatçısı olub. "Zanbaqlar" ölkəsinin təmsilçisi ev oyunlarını əvvəllər 24 min tamaşaçı tutumuna malik olan "Qrols Veste" stadionunda keçirir. 2011-ci ildə bu stadionun azarkeş tutumu artırılaraq, 30 205 nəfərə çatdırılıb.
Maraqlıdı ki, "Qarabağ" və "Tvente" klubları arasında dostluq münasibətləri var. Belə ki, 2009-cu ildə iki klub rəhbərliyi dostluq münasibətlərini möhkəmləndirmək üçün Hollandiyada görüşmüşdülər. Ağdamlılar Hollandiyaya məhz "Tvente" rəhbırliyinin dəvəti ilə yollanmışdılar. Həmin vaxt klubun vitse-prezidenti Tahir Gözəl, icraçı-direktoru Əmrah Çəlikəl və klubun meneceri Asif Əsgərovun iştirakı ilə "Tvente" prezidenti Yopp Munstermanla hər iki klubun dostluq münasibətlərinin qurulması üçün ilkin addımlar atmışdılar.
Göründüyü kimi, "Qarabağ"ın budəfəki rəqibi də kifayət qədər güclü klubdu. Bu üzdən də komandamızın "Tvente" səddini keçmək üçün daha böyük güc sərf etməsinə ehtiyac var. Qurban Qurbanovun yetirmələri maksimum diqqətli oynamaqla, ələ düşən qol fürsətlərinin hər birini dəyərləndirməklə sürpriz nəticəyə imza ata bilər. Cavab matçının səfərdə keçirilməsi holandlara sərf edir. Bu üzdən komandamız ilk oyunda bütün gücünü ortaya qoyub, qol buraxmamaq şərtilə rəqib qapısından mümkün qədər çox top keçirməlidi. "Zalsburq"la ilk oyunda qırmızı vərəqə alan Reynaldo və Admir Telinin də cəzası başa çatıb və onların sıraya dönüşü komandaya böyük kömək olacaq. Baxmayaraq ki, Avstriyadakı oyunda sıradan çıxan Maksim Medvedevlə İlqar Qurbanovun yoxluğu özünü hiss etdirə bilər. Amma ümid edək ki, Qurbanovun yetirmələri qarşıya qoyulan hədəfə çatmağı bacaracaqlar.
Digər təmsilçimiz "Neftçi" də qrup mərhələsinə vəsiqə qazanmaq üçün köhnə tanışı ilə mübarizə aparmalı olacaq. Paytaxt klubu Serbiya "Partizan"ı ilə qarşılaşacaq. Hansı ki, bu klub azərbaycanlı futbolsevərlərə çox yaxşı tanışdı. "Partizan" Serbiyanın ən titullu klublarından biridi. "Qarbağ"dan fərqli, "Neftçi" bu komanda ilə cəmi iki il öncə üz-üzə gəlmişdi. Özü də Avroliqanın qrup mərhələsində. Belqraddakı ilk oyunda hesab açılmamışdı. Bakıdakı qarşılaşmada isə tərəflər hərəyə bir qol vurmuşdular. Hesabı 10-cu dəqiqədə Flavinyo açmış, 67-ci dəqiqədə isə Mitroviç görüşün yekun nəticəsini müəyyənləşdirmişdi.
Həmin oyunlarda Saşa Stamenkoviçin bəzi serbiyalı futbolçularla münaqişəsi hələ də yaddaşlardadı. Onun "Partizan"ın əzəli rəqibi "Crvena Zvezda"nın yetirməsi olması əks düşərgədəki oyunçular tərəfindən birmənalı qarşılanmamışdı. Məhz bu üzdən hər iki oyunda Stamenkoviçlə həmyerliləri arasında problem yaranmışdı.
“Partizan” klubu 1945-ci ildə yaradılıb. Komanda ev oyunlarını paytaxt Belqradda yerləşən və 32710 nəfərlik azarkeş tutumu olan “Partizan” stadionunda keçirir. Serbiyanın nəhəng klublarından olan “Partizan” 25 dəfə ölkə çempionatının, 12 dəfə ölkə kubokunun, 1 dəfə isə Superkubokun qalibi olub. “Partizan”ın avrokuboklardakı ən böyük uğuru 1966-cı ilə təsadüf edir. Komanda həmin il Çempionlar Kubokunun finalçısı olub.
"Neftçi"nin rəqibi Serbiya çempionatının son mövsümündə yalnız əzəli rəqibi "Crvena Zvezda"dan geri qalıb. Çempion 30 oyuna 72 xal topladığı halda, "Partizan" ondan cəmi 1 (!) xal geri qalıb. 22 qarşılaşmada qalib gələn komanda 5 heç-heçə edib, 3 dəfə məğlub olub. Rəqib qapılarından 64 top keçirən komanda öz qapısında cəmi 20 qol görüb ki, bu göstəricisinə görə "Partizan" mövsümün rekordçusu olub. Bu mövsümün geridə qalan iki turunda da sözügedən komanda inamlı çıxışı ilə seçilir. Hər iki oyununda qalib gələn "Neftçi"nin rəqibi 7 qol vurub, 2 top buraxıb.
"Partizan" bu avrokuboklar mövsümünə Çempionlar Liqasından başlayıb. Serbiya çempionatını ikinci pillədə başa vuran komanda ÇL-in ikinci təsnifat mərhələsində Farer adalarının "Torshavn" klubunu iki oyunun cəminə görə 6:1 hesabıyla üstələyib. Amma üçüncü təsnifat mərhələsi çərçivəsində Bolqarıstan "Ludoqorets"i ilə oyunlar Marko Nikoliçin yetirmələri üçün uğursuz başa çatıb. Səfərdə qolsuz heç-heçəyə razılaşan serblər ev oyununda da 2:2 hesablı heç-heçədən artığına nail ola bilməyincə, ÇL-dən kənarda qalıblar. Bu oyunda Petar Şkuletiç dubla imza atıb. Belqrad klubunun digər aparıcı üzvü Branislav Traykoviç isə qırmızı vərəqə aldığına görə, "Neftçi"yə qarşı forma geyə bilməyəcək.
"Neftçi"nin budəfəki rəqibi "Koper" və "Çixura" ilə müqayisədə çox ciddi komandadı. Düzdü, son dövrlər Serbiya klubunun düşərgəsindəki maliyyə böhranı komandanın çıxışına az da olsa, təsir edə bilər. Amma bu, "Neftçi"nin işinin asan olacağına qətiyyən zəmanət vermir. İstənilən halda "ağ-qaralar"ın bu rəqibini də mübarizədən kənarlaşdıra biləcəyinə inam var. İlk oyunun səfərdə keçirilməsi komandamızın lehinədi. Bu yolda Böyükağa Hacıyevin komandası səfərdə sərfəli nəticə qazanmağa borcludu. Belədə Bakıdakı cavab oyununda növbəti mərhələyə vəsiqəni təmin etmək olar. Qazanılacaq uğur Azərbaycan klubunun tarixində ikinci dəfə Avroliqanın pley-off mərhələsinə vəsiqə qazanması baxımından da çox vacibdi.
Maraq üçün qeyd edək ki, "Neftçi" kimi, "Qarabağ" da bu mövsüm nəhayət qitə miqyaslı turnirlərdə qrup mərhələsinin iştirakçısı olmaq iddiasındadı. Vaxtilə "Neftçi"nin imza atdığı belə bir uğura Çempionlar Liqasında nail olmaq mümkün olmasa da, Avroliqanın qruplarına düşmək mümkündü. Bir neçə dəfə qrup mərhələsinin astanasında dayanan "Qarabağ"dan bu mövsüm gözləntilər çox yüksəkdi. Bu üzdən "Qarabağ" belə bir tarixi şansı əldən qaçırmamalıdı. İki Azərbaycan klubunun eyni vaxtda Avroliqanın qrup mərhələsində çıxış etmək şansı qazanması futbolumuz adına çox böyük uğur olardı. Amma bu uğura nail olmaq üçün çox əziyyətə qatlaşmaq lazım gələcək.
Sonda onu da bildirək ki, avrokuboklarda qazanılan istənilən uğur Azərbaycanın UEFA-dakı klub reytinqinə də təsirsiz ötüşmür. Belə ki, klublarımızın hər bir qələbəsi ölkəmizə 0,250, heç-heçə isə 0,125 reytinq xalı qazandırır. Hazırda Azərbaycan UEFA reytinqində 53 ölkə arasında 30-cu pillədədi və hesabında 11.000 reytinq xalı var. Bunun 2.125 xalı cari mövsümdə qazanılıb ("İnter" - 0.750, "Qarabağ" - 0.750, "Neftçi" - 0.625).
"Neftçi" hazırda 8.700 xalla klub sıralamasında Avropanın 171-ci komandasıdı. "Qarabağ" isə 7.700 xalla 193-cüdü. Rəqiblərə gəlincə, "Tvente" 42.695 xalla 41-ci, "Partizan" 14.075 xalla 115-cidi.
Avropa Liqası
Pley-off mərhələsi (ilk oyunlar)
21 avqust
21:00. Qarabağ - Tvente
Hakimlər: Manuel Qrafe, Holger Henşel, Kristian Gittelmann, Quido Vinkmann (Almaniya).
UEFA nümayəndəsi: Dimitri Bokeriya (Gürcüstan).
Hakim-inspektor: Yorn Vest Larsen (Danimarka).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
23:15. Partizan - Neftçi
Hakimlər: Hüseyin Göçek, Mustafa Emre Eyisoy, Orkun Aktaş, Süleyman Abay (Türkiyə).
UEFA nümayəndəsi: Joao Morais (Portuqaliya).
Hakim-inspektor: Adrian Kaşa (Malta).
Belqrad. "Partizan" stadionu.
