Berti Foqts: Onları başa düşə bilmirəm
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts sabah keçiriləcək Özbəkistanla yoxlama oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis bu gün keçirilmiş mətbuat konfransında bunları söyləyib:
"Şadam ki, belə bir oyun keçirmək şansı qazanmışıq. Yığma sonuncu dəfə ABŞ-la qarşılaşmışdı. Təəssüf ki, FİFA avqust ayı üçün yoxlama oyunlarını ləğv etdi. Kiçik komandalar üçün bunun əhəmiyyəti böyük idi. Əlbəttə, bu, klublara sərf edir, amma yığma komandalara yox. Əvəzində klublar 6-7 yoxlama oyunu keçirirlər".
Foqts Özbəkistan yığması barədə bunları deyib: "Bu komanda ilə niyə qarşılaşdıq? Çünki Avropada bu vaxt qarşılaşmaq üçün normal rəqib tapa bilmədik. Ona görə də Özbəkistana üstünlük verdik. Bu oyun bizə çox lazımdı".
Foqts etiraf edib ki, bəzi aparıcı futbolçuların öz klublarında məşğul olmasına şaddı: "Biz tam heyətlə toplaşsaydıq, bu, Azərbaycan klublarının avrokuboklardakı çıxışını başa vurması ilə nəticələnə bilərdi. Amma Azərbaycan hələ də Avropa Liqasında iki klubla təmsil olunur. Bu iki klubun oyunçuları Avroliqanın pley-off mərhələsində iki yüksək səviyyəli oyun keçirməlidilər. Ümid edirəm ki, hər iki təmsilçimiz qrup mərhələsinə vəsiqə qazana biləcək".
Yığmamızın baş məşqçisi bu dəfə də Riçard Almeyda və Reynaldonun milliləşdirilməsi mövzusuna toxunub: "Mən bura pasport verməyə gəlməmişəm. Bunu AFFA etməlidi. Həm də sözügedən futbolçular ən azı 5 il Azərbaycanda çıxış etməlidi. Hər ikisi yüksək səviyyəli futbolçudu. Onlar rahatca Almaniya Bundesliqasında çıxış edə bilərlər".
Heyətə çağırdığı oyunçulardan danışan çalışdırıcı bunları qeyd edib: "Heyətə çağırılan futbolçuları sınamaq imkanım olacaq. Rusiya ilə oyunda da belə bir fürsət qazanacağıq. Bolqarıstanla oyuna nə dərəcədə hazır olduğumuzu görmək istəyirəm. Bolqarlarla görüşdə yaxşı oyun göstərib, müsbət nəticə qazanmaq istəyirik. Həmin vaxta kimi çempionatda da xeyli oyun olacaq. Ruslan Abışovun "Qəbələ"də mütəmadi oynaması yaxşıdı. Rasim Ramaldanova xüsusi proqram vermişəm. O, daha çox çalışmalıdı".
Foqts Rusiya ilə oyunların prinsipiallığına da toxunub: "Bilirəm ki, Azərbaycanla Rusiya arasındakı oyunlar prinsipial keçir. İki ölkə arasındakı münasibətlərdən də xəbərim var. Amma Fabio Kapello mənim dostumdu. Bizim üçün son DÇ-nin iştirakçısına qarşı oynamaq çox yaxşı olacaq".
"Sultanpur Almaniya vətəndaşıdı? Sizə kim deyib ki, onu oynadacam? Əlimin altında 24 futbolçu var, onlardan da 17-si meydana çıxa biləcək. Mən bəzi insanların milliyə yeni gələn futbolçulara münasibətini başa düşə bilmirəm. Bu gənclər Azərbaycan yığmasında oynamaq istəyirlər. Amma əksəriyyət bunun əleyhinədi. Eyni zamanda da braziliyalıların milliləşdirilməsini istəyirsiz".
Foqts bəyan edib ki, o, Azərbaycanın fəxri vətəndaşı olmağa hazırdı: "Məmnuniyyətlə! Hətta bunun üçün yaxşı bir kostyum da alıb geyinərdim".
"Seçmə mərhələdə məni hansı nəticə qane edəcək? Ötən gün komanda üzvlərinə bildirdim ki, onlardan pley-off mərhələsinə çıxmalarını gözləyirəm. Başqa heç bir nəticə məni qane etməyəcək. Onlar buna nail ola bilərlər. Bunun üçün isə çalışmaq lazımdı. "Qarabağ"la "Neftçi" Avroliqanın pley-offuna çıxan kimi Superkubok matçı təxirə salındı. Başa düşə bilmirəm, niyə? Mənə sentyabrda hazır oyunçular lazımdı. Yığmanın üzvləri 3-4 gündən bir oyun keçirməlidilər, bütün il ərzində məşq etməlidilər. Bu ritmə hazır olmadıqlarına görə də problem yaranır".
