Tuyqun Nadirov: Qapıçı problemini klub prezidenti tezliklə yoluna qoyacaq
"Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov komandanın mövsümə pis start verməsi barədə fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Komanda mövsümə uğursuz başladı. Buna görə klub prezidenti Mais Mənsimovla baş məşqçi Oğuz Çətin arasında ötən gün görüş baş tutdu. Komandanın hazırkı durumu müzakirə olundu. Bu cür çıxışın məlum səbəbləri var. Komandanın bütün üzvləri toplanışda əvvəldən axıradək iştirak etməyib. Bu üzdən futbolçular şübhəsiz ki, mövsümə hələ tam hazır deyillər. Heyətlə bağlı problem də qalır. Qapıçı məsələsini həll edə bilməmişik. Klub prezidenti hazırda bu prosesi başa çatdırmaqdadı. Namizədlərimiz var. Baş məşqçi komandada kimi görmək istəyirsə, buna aydınlıq gətirməlidi. Oğuz Çətin yaxın günlərdə kiminlə çalışmaq istədiyini deyəcək və biz onunla danışıqlara başlayacağıq".
Nadirov maaşların gecikdirilməsi barədə söhbətlərə də aydınlıq gətirib: "Belə bir şey ola bilməz ki, biz futbolçuların maaşını verməyək. Sonuncu dəfə toplanışdan sonra onların pullarını vermişik. Kimə nə qədər düşürsə, onu da alır".
