Cavid Hüseynov: Son illər yığmamız çox artırıb
"Qəbələ"nin yarımmüdafiəçisi Cavid Hüseynovun azerisport.az saytına müsahibəsi
- "Araz Naxçıvan"la ev oyununda minimal hesabla qalib gəldiz. Oyunla bağlı nə deyə bilərsiz?
- Çətin qələbə oldu. Hər iki komandanın qol vurmaq imkanları var idi. Amma yalnız biz fərqlənə bildik, onu da penaltidən. Hər halda, əsas qələbə idi ki, onu da qazandıq. Daha yaxşı oynamağımıza ehtiyac var. Növbəti turlarda öz oyunumuzu tapacağımıza ümid edirəm. Çünki "Qəbələ" yeni formalaşan komandadı.
- Siz də penaltini vura bilməsəydiz, onda necə olacaqdı?
- Oyun heç-heçə bitərdi (gülür). Sizə deyim ki, rəqib çox ciddi komandadı. Kollektivləri xoşuma gəldi. Maraqlı futbol oynayırlar. Güclü komandalardan çəkinmirlər. "Neftçi" ilə oyunda qazandıqları qələbə də buna sübutdu.
- Dorinel Muntyanunun Dodonu əvəzedici heyətə göndərməsinə, Nizami Hacıyev klubdan qovmasına münasibətiniz necədi?
- Şəxsən mən baş məşqçimizdən razıyam. Onun üçün intizam hər şeydən üstündü. Futbolçularla münasibətdə çox düzgün mövqe seçir.
- "Qəbələ"də bundan sonra penaltiləri siz vuracaqsız?
- Bəli. Muntyanu penaltiləri vurmağı mənə etibar edib. "Bakı"da da penaltiləri mən vururdum. Nə qədər əminlik var, vuracam.
- Son dövrlər yığmaya çox az dəvət alırsız. Qarşıda yoxlama oyunları və seçm mərhələ matçları var. Sizi bu dəfə də millidə görə bilməyəcəyik?
- Yaxşı forma toplamışam. Klubumda əsas heyətdə oynayıram. Millidə də oynamaq üçün öz şansımı gözləyirəm. Azərbaycan yığmasında möhkəmlənmək istəyirəm.
- Özbəkistan və Rusiya ilə yoxlama oyunlarından nə gözləyirsiz?
- Hər iki oyun seçmə mərhələyə hazırlıq baxımından vacib və maraqlı olacaq. Baş məşqçinin kimin hansı formada olmasını görmək şansı var.
- Özbəkistan kifayət qədər ciddi komandadı və FİFA reytinqində də yaxşı mövqeyə malikdi. Avqustun 20-də baş tutacaq oyundan nə gözləyə bilərik?
- Özbəklər güclüdülər, amma biz də zəif deyilik. Son illər Azərbaycan yığması çox artırıb. Kim qələbəni daha çox istəyirsə, o da qazanacaq.
