"İlk qələbə üçün mübarizə aparacağıq"
Topaz Premyer Liqasının 2-ci turunda “Qəbələ” öz meydanında “Araz Naxçıvan”la qarşılaşacaq. Azerisport.az xəbər verir ki, “qırmızı-qaralar”ın heyətində ən çox oyun keçirən futbolçulardan biri olan Ürfan Abbasov oyun haqda fikirlərini klub saytı ilə bölüşüb.
Gənc müdafiəçi açıqlamasında qələbə üçün meydana çıxacaqlarını bildirib:
“Mövsümün startı bir az uğursuz oldu. Ola bilər ki, komanda istənilən səviyyədə uyğunlaşmamışdı. Çox adi, bizə yaraşmayan səhvlər buraxdıq. Erkən qollar buraxdıqdan sonra oyunda da dönüş yarada bilmədik. Artıq ikinci oyuna hazırlaşırıq. Qarşılaşmanın keçiriləcəyi günü gözləyirik. “Araz Naxçıvan” yaxşı komandadı. Premyer Liqada ilk mövsümləri olsa da, futbolçularını tanıyırıq. Əsasən gənclərdən təşkil olunan komandadır. Amma bizə arxayınlaşmaq olmaz. Rəqibimiz ilk turda “Neftçi”yə qalib gəlib. Çempionatda ilk qələbəmizi qazanmaq üçün mübarizə aparacağıq. Doğma meydanda oynayırıq və azarkeşlərimizi qələbə ilə sevindirməyə çalışacağıq”.
