Elvin Yunuszadə: Biz Partizanın problemlərinə diqqət yetirməməliyik
"Neftçi"nin müdafiəçisi Elvin Yunuszadənin azerisport.az saytına müsahibəsi
- "Neftçi" futbolçularının əsas diqqəti yəqin ki, Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Serbiya "Partizan"ı ilə oyunlara yönəlib. Bu komandanın düşərgəsində baş verən olaylar sizin üçün üstünlük sayıla bilər?
- Bu, üstünlük verə də bilər, verməyə də. Bu hadisələr bizə də həm müsbət, həm də mənfi təsir edə bilər.
- "Neftçi" "Partizan"ı nəyin sayəsində məğlub edə bilər?
- Biz öz oyunumuzu sərgiləyəcəyik. "Partizan"ın düşərgəsindəki xaosun bizə heç bir təsiri yoxdu. Belə şeylərə diqqət yetirməməliyik.
- Karlos Kardoso Serbiya klubu ilə ilk oyunu buraxacaq. Bu, "Neftçi" üçün ciddi itkidi?
- Əlbəttə, Kardoso "Neftçi" üçün çox vacib oyunçudu. Amma inanıram ki, onu layiqincə əvəzləyə biləcəyik. Biz bir ailəyik.
- Səfərdə hansı hesabla qalib gəlsəz, sizi qane edər?
- Mənə elə gəlir ki, bunun ciddi fərqi yoxdu. Çünki istənilən halda Bakıdakı cavab oyunu var. Harada qələbə qazanmaq vacib deyil. Əsas buna nail olmaqdı.
- "Araz Naxçıvan"a darmadağını necə şərh edə bilərsiz?
- Bu, o qədər də yaxşı nəticə deyil. Amma bunu faciəyə çevirmək lazım deyil. Qarşıda çoxlu oyunlar var. Vəziyyəti yaxşılaşdıra bilərik.
- Sizin 4 oyunluq cəzanız ikiyə endirildi...
- Hə, şadam ki, cəzamı yüngülləşdirdilər. Bu, formada qalmağıma kömək edəcək. Amma digər tərəfdən "Bakı"ya qarşı oynaya bilməyəcəyimə görə üzgünəm.
