Partizanda xaos: Oyunçular daha bir məşqi boykot etdilər
Azərbaycan Kubokunun qalibi "Neftçi"nin Avropa Liqasının pley-off mərhələsindəki rəqibi olan Serbiya "Partizan"ının düşərgəsində əsl xaos yaşanmaqdadı. Azerisport.az sözügedən ölkə mətbuatına istinadən xəbər verir ki, komandada hətta elə vəziyyət yaranıb ki, Serbiya klubu Avroliqadakı çıxışından da imtina edə bilər. Belə ki, futbolçular ardıcıl üçüncü məşqi də boykot ediblər.
Avqustun 13-də "Partizan" rəhbərliyi baş məşqçi Marko Nikoliç və kapitan Saşa İliçlə görüş keçirib. Bu görüşdə futbolçuların tezliklə maaş alacağına zəmanət alınacağı gözlənilirdi. Amma əvəzində rəhbərlik onlara bir qədər də gözləməyi məsləhət görüb. Buna cavab olaraq, futbolçular məşqə çıxmaqdan imtina ediblər. Komanda üzvləri maaşlarını almayana qədər boykotu davam etdirəcəklərini söyləyiblər.
Qeyd edək ki, "Partizan" avqustun 21-də "Neftçi"ni qəbul etməlidi. Bu oyun ərəfəsində komandanın 18 yaşlı futbolçusu Andrey Jivkoviç də Portuqaliyanın "Benfika" klubu ilə anlaşıb.
