Namiq Ələsgərov: Bakıda qalmaq istərdim, amma...
"Qarabağ"ın yarımmüdafiəçisi Namiq Ələsgərovun azerisport.az saytına müsahibəsi
- "Qarabağ"a keçidiniz necə alındı?
- Bu barədə təklif çoxdan var idi. Amma mən "Bakı"da vəziyyətin yaxşılaşacağına ümid edib, gözləyirdim. Sonra gördüm ki, gözləməyin xeyri yoxdu. Ona görə də "Qarabağ"la danışıqlara başladım və məsələ həll olundu.
- Baş məşqçi Qurban Qurbanovla görüşdüz?
- Bəli. O, özü də mənim "Qarabağ"da oynamağımı istəyirdi. Arzularımız üst-üstə düşdü.
- Amma "Bakı" sizin keçidinizin qanunsuz olduğunu hesab edir və "Qarabağ"dan kompensasiya istəyir...
- Bu barədə heç nə deyə bilmərəm. Amma sizi bircə şeyə əmin edə bilərəm ki, yeni klubuma qanun çərçivəsində keçmişəm. Mənim "Bakı"nı atıb getdiyimi hesab edənlər var. Qoy onlar özlərini mənim yerimə qoysunlar: siz yarım il pul almadan işləyə bilərsiz? Mən də ailəmi dolandırmalıyam, ya yox? Altı ay gözlədim. Amma artığını edə bilməzdim.
- "Bakı"dan getdiyinizə görə məyus deyilsiz?
- "Bakı" mənim üçün doğma klubdu, orada qalmaq istəyirdim. Amma vəziyyət elə alındı ki, getmək məcburiyyətində qaldım. Bundan sonra artıq "Qarabağ"a faydalı olmağa çalışacam. Allah eləsin ki, "Bakı"nın da vəziyyəti yaxşılaşsın, yenidən həmişəki kimi, iddialı olsunlar.
- "Qarabağ"dakı ilk oyununuzda qol vursaz da, komandanıza texniki məğlubiyyət verildi...
- Bəli, səhvə yol vermişdik. Artıq olan olub. Hər kəs səhv edə bilər. Növbəti oyunlarda qələbə qazanmağa çalışmalıyıq. Bu xal itkisini ancaq qələbələrlə unutmaq olar.
- "Qarabağ"dakı hədəfiniz nədən ibarətdi?
- Özümü ən yaxşı tərəfdən göstərib, əsas heyətə düşmək istəyirəm. Avrokuboklarda oynamağı, bu həyəcanı hiss etməyi çox istəyirəm.
