Böyükağa Hacıyev: Neftçi həmin Neftçidi, amma Partizan xeyli güclənib
"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev azerisport.az saytına müsahibəsində Nikolas Kanalesin qayıtmasından, "Bakı" ilə oyundan, eyni zamanda Avropa Liqasında pley-off görüşündən danışıb.
- Komandaya qayıdan Nikolas Kanalesin hazırkı vəziyyəti nə yerdədi?
- Nikolas Kanales ilk məşqdə fərdi hazırlıq planı üzrə məşq etdi. Onun durumu barədə indi danışmaq çətindir. Qarşıdakı günlərdə müayinədən keçəcək və onun sağlamlığı yoxlanacaq. Eyni zamanda onun hansı vəziyyətdə olduğunu görəcəyik. Fikrimcə, uyğunlaşmayla bağlı problem olmayacaq. "Neftçi"ni tanıyır və qısa zamanda komandanın gücünə güc qatacaq. Onun qayıdışı indiki zamanda komandaya çox lazım idi.
- Kanalesi Premyer Liqanın növbəti turunda meydanda izləyə biləcəyik?
- Onun komandayla birgə məşqlərə başlamasını gözləmək lazımdı. Bundan sonra suala cavab vermək olar. Yəqin "Bakı" ilə oyuna olmasa belə, ondan sonrakı matçda mütləq meydanda olacaq.
- Komanda onu necə qarşıladı?
- Kanales cəmi bir ildən artıq müddətdə olmadı bizimlə. Futbolçularımız onu yaxşı qarşıladı. Keçmiş komanda yoldaşlarının qayıtmağı pis deyil. Azarkeşlərimiz də sevinəcək. "Neftçi"ni qarşıda ciddi sınaq gözləyir. Buna görə bütün heyətlə 2 çətin oyuna hazır olmalıyıq.
- "Araz Naxçıvan"la oyunda ikinci heyət mübarizə apardı. "Bakı" ilə görüşdə bizi nə gözləyir?
- "Bakı" ilə görüşdə komanda əsas heyətlə mübarizə aparacaq. Çünki, bizə oyun praktikası vacibdi. Mütləq futbolçular oynamalıdı. Əks halda bu, bizim əleyhimizə işləyə bilər. Əgər "Bakı" ilə oyun baş tutmasa yoxlama görüşündə çıxış edəcəyik. Oyunsuz qalmaq olmaz. Naxçıvana ikinci heyət getsə belə, bu, həftə bir oyunda iştirak etməliyik.
- "Bakı" əvvəlki heyətə sahib deyil. Yəqin, "Neftçi"ni favorit adlandırmaq olar?
- Hər bir rəqibə hörmətlə yanaşırıq. Biz istərdik bütün komandalarımız güclü olsun. İstənilən halda biz meydana qələbə üçün çıxacağıq. Hər bir oyunda 3 xal qazanmaq istəyirik. Həm də Avropa Liqası ərəfəsində komandamız üçün bu oyun çox vacibdi. Əskikləri görmək lazımdı.
- "Partizan"la oyun barədə düşüncələriniz necədi?
- Pley-offa gəlmişiksə, deməli qrupa düşmək istəyirik. Çətin 2 oyunluq dueldən qalib ayrılmaq arzusundayıq. Bir dəfə bunu bacarmışıq. Artıq Serbiya komandasının oyunları mənə təqdim olunub. Yaxın günlərdə onlara nəzər salacam. Matçlara nəzər salandan sonra onlara qarşı hazırlıq taktikası barədə fikirləşəcəyik.
- 2 il əvvəlki "Partizan" güclü idi yoxsa, indiki?
- Məndə olan məlumata görə, heyətin bəzi futbolçuları dəyişib. Komanda xeyli güclənib. "Partizan" daha sürətli futbolçulara sahib çıxıb. İndiki rəqib daha güclüdü. 2 il əvvəl tam fərqli idi.
- Bəs "Neftçi" - 2 il əvvəlkiylə müqayisədə çox dəyişib?
- "Partizan" 2 il əvvəlkiylə müqayisədə çox güclənib. Amma "Neftçi" həmin komandadı. O vaxtda güclü komandaya sahib idik, indidə güclüyük. Demək olar ki, həmin heyətləyik. Mehriban kollektiv kimi hər matça qələbə üçün çıxırıq. Serbiyadakı oyuna da qənaətbəxş nəticə üçün çıxacayıq. Məqsədimiz qrupda düşməkdi.
