Şilder: Qarabağa PSV və Ayaks qədər ciddi yanaşırıq
Hollandiyanın "Tvente" klubunun yarımmüdafiəçisi Robert Şilderin azerisport.az saytına müsahibəsi
- Avroliqanın pley-off mərhələsində Azərbaycan çempionu "Qarabağ"la düşməsi ilə "Tvente"nin bəxti gətirib?
- Xeyr. Kim belə deyir ki? Mən belə hesab edirəm ki, bizim o qədər bəxtimiz gətirməyib.
- Amma komanda yoldaşınız Rasmus Benqtsson hesab edir ki, bəxtiniz gətirib, daha güclü rəqiblərlə də düşə bilərdiz...
- Bununla razıyam. Bizə daha güclü rəqiblər də düşə bilərdi. Amma inanın ki, biz "Qarabağ"a da "Ayaks"a, PSV-yə yanaşdığımız kimi yanaşırıq. Heç vaxt rəqibə yuxarıdan aşağı baxmaq olmaz. Əks halda problemlə üzləşə bilirsən.
- "Qarabağ"ın oyununu görmüsüz?
- Bəli. İnternetdə oyunlarına baxmışam. Əlbəttə, orada hər şeyi görməyə bilərik. Amma istənilən halda hücumlarının təşkili, vurduğu qolları çox şeydən xəbər verir, bunları görmüşəm. Ağdamlılar Çempionlar Liqasında yaxşı oyunlar sərgiləyib. "Qarabağ" gözəl qollar vurmağı sevir.
- Bəs rəqibin heyəti barədə nə deyə bilərsiz?
- Heyətləri ilə tanışam. Braziliyalı, albaniyalı, azərbaycanlı futbolçuları var. "Qarabağ" komanda oyununa görə güclüdü.
- "Tvente" illər öncə "Qarabağ"la qarşılaşıb...
- Bəli, bundan xəbərim var. Buradakılar mənə deyiblər. Həmin vaxt mən "NAK Breda"da çıxış edirdim. Ora "Ayaks"dan yenicə keçmişdim.
- İlk oyunun Bakıda olması sizin üçün üstünlükdü?
- Bilmirəm. Ola bilər ki, hə, ola bilər ki, yox. İstənilən halda "Qarabağ"a ciddi yanaşırıq və sonadək mübarizə aparacağıq. Çalışacağıq ki, səfərdə müsbət nəticə qazanaq.
