Sultanpur: Azərbaycan millisinə dəvət almaq istəyirəm
Topaz Premyer Liqasında 2014/15 mövsümünə hazırlaşan "Sumqayıt" Futbol Klubu yeni mövsüm üçün növbəti transferini həyata keçirib. Azerisport.az xəbər verir ki, sözügedən klubu Azərbaycan əsilli futbolçu, son olaraq "Berliner Ak" klubunda çıxış etmiş Kiyan Sultanpurla rəsmi ikiillik müqaviləyə imza atıb.
Artıq komandaya qoşulan Sultanpur klubun rəsmi saytına ilk təəssüratlarını açıqlayıb: "Əslən azərbaycanlı olduğumu qeyd etməliyəm. Doğma nənəm Bakı şəhərində anadan olub və sonralar Cənubi Azərbaycana köçüblər. Nənəm və valideynlərim doğma dilimizdə sərbəst danışa bilirlər. Azərbaycanlı olduğumu bildiyimdən bura haqqında kifayət qədər məlumata malikəm. Yaxın dostum Pərdis Fərcad-Azaddan Azərbaycan futbolu və Sumqayıt haqqında çox şey eşitmişəm. Klubun rəhbərliyi mənimlə əlaqə saxlayanda çox sevindim. Azərbaycana gəlməyi çox istəyirdim. Bu səbəbdən razılıq əldə olunduqdan sonra dərhal komandaya qoşuldum. "Qarabağ"la keçirilmiş ilk oyunu canlı izlədim. Məğlub olmağımıza baxmayaraq, gənclərdən qurulmuş döyüşkən kollektivimiz var. Ümid edirəm ki, "Sumqayıt" Futbol Klubunda özümü yaxşı tərəfdən göstərib Azərbaycan millisinə dəvət alaram".
Karyerasına "Union Berlin" klubunun A2 (91 oyun, 54 qol) komandasında başlayan Sultanpur 2011-2013-cü illər ərzində Dortmund "Borussiya"sının A2 komandasının formasını geyinib. O, çıxdığı 22 görüşdə 3 qol vurub. 2013-cü ildə "Saarbrücken" FK-dan "Berliner Ak"a transfer olunan Sultanpur son mövsümdə 27 qarşılaşmada 11 qola imza atıb.
