Rəvan Premyer Liqada Bakını əvəz etməyə hazırdı
"Bakı" Topaz Premyer Liqasının yeni mövsümünə hələ də tam hazır olmadığından Peşəkar Futbol Liqası bu klubu elitadan uzaqlaşdırmaq istəyir. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisi qarşıdakı bir həftə ərzində bütün problemlərini yoluna qoymasa, 1-ci diviziona göndəriləcək.
Əvəzində isə 1-ci divizion klublarından biri Premyer Liqada çıxış edəcək. Hazırda buna əsas namizəd kimi "Rəvan" göstərilir. Ötən mövsümün nəticəsinə əsasən 1-ci diviziona düşən komanda yenidən elitada çıxış etməyə razıdı. Klubdan saytımıza verilən məlumatda belə deyilir:
"PFL rəsmi olaraq, "Bakı"ya avqustun 15-nə kimi vaxt verib. Əgər bakılılar lazım olan sənədləri bu vaxt ərzində PFL-ə təqdim edə bilməsələr, onları Premyer Liqada başqa klub əvəzləməlidi. "Rəvan" onları əvəz etməyə hazırdı. Komandamız iyunun 23-dən etibarən yeni mövsümün hazırlıqlarına başlayıb, altı yoxlama oyunu keçirib".
