Başlayır
Bu gün futbol üzrə Azərbaycan Topaz Premyer Liqasında 2014/15 mövsümünə start veriləcək. Azerisport.az xəbər verir ki, 1-ci dövrənin ilk turunun 2 qarşılaşması bu gün, qalan 3 matçı isə sabah baş tutacaq.
Mövsümün açılış oyununda “Bakı” doğma meydanda “Simurq”la üz-üzə gələcək. Bu yay ciddi maliyyə problemləri ilə üzləşən, demək olar ki, bütün aparıcı futbolçularını itirən, gənclərin ümidinə qalan paytaxt təmsilçisi böyük ehtimalla cari mövsümün autsayderi olacaq. Zaqatala klubu isə səfərdə oynamasına baxmayaraq, bu görüşün əsas favoritidi. “Bakı” son 6 oyunda “Simurq”a qalib gəlib. Zaqatala təmsilçisi artıq 10 matçdı ki, rəqibinə qalib gələ bilmir. Paytaxt təmsilçisi əvvəlki 20 görüşün yarısında qalib gəlməklə böyük üstünlüyə malikdi. Yeddi qarşılaşma sülhlə bitdiyi halda, 3 oyunda da heç-heçə qeydə alınıb. Topların fərqi də 24:14 bakılıların xeyrinədi.
Günün digər oyunu AZAL və “Xəzər Lənkəran” arasında baş tutacaq. Hər iki komanda yeni mövsümə ciddi hazırlaşıb. Bu üzdən paytaxt və Lənkəran təmsilçisinin açılış turunda necə təsir bağışlayacağı maraqla gözlənilir. 25-ci duelə çıxacaq rəqiblərin oyunlarında “Xəzər Lənkəran” böyük üstünlüyə malikdi. Cənublular 24 oyunun 13-də meydanı qalib tərk ediblər. Daha 7 qarşılaşma sülhlə bitdiyi halda, "təyyarəçilər" 4 dəfə qələbəyə seviniblər. Son 4 qarşılaşmada AZAL qalib gəlməyib. Lakin bakılılar ardıcıl 7 matçdı meydanı qolsuz tərk etmir. İki komanda arasındakı son 3 dueldə isə qalib müəyyənləşməyib. Topların fərqi də bakılıların lehinə deyil - 17:32.
Qalan üç oyun bazar günü keçiriləcək. Öncə Naxçıvanda bu çempionatın debütantı olan “Araz Naxçıvan”la “Neftçi” qarşılaşacaq. 13 ildən sonra yenidən üz-üzə gələcək komandaların əvvəlki 4 duelində “Neftçi” məğlub olmayıb. 3 dəfə böyük hesabla uduzan Naxçıvan təmsilçisi rəqib qapısına qol da vura bilməyib. 4 oyunda 16 cavabsız qola sevinmiş bakılılar cəmi bircə dəfə qolsuz heç-heçəyə razılaşıblar. Elə bu dəfə də favorit paytaxt təmsilçisi olacaq. Çünki son mövsüm 1-ci divizionda çempion olmuş Əsgər Abdullayevin komandası ciddi transferlər etmədi. "Ağ-qaralar"ın baş məşqçisi Böyükağa Hacıyevin naxçıvanlı olması da bu görüşə xüsusi rəng qatan məqamlardandı. Avropa Liqasındakı çıxışını davam etdirən bakılıların bu oyunda əsas heyətin bəzi üzvlərini qoruması istisna deyil.
"Neftçi"dən fərqli olaraq, Avroliqadakı çıxışları o qədər də uğurlu alınmayan digər iki təmsilçimiz - "İnter”lə “Qəbələ” mövsümün açılış turunda bir-biri ilə qarşılaşmalı olacaq. Hər iki klub mövsümə ciddi hazırlaşıb. Qarşılarına ciddi məqsəd qoyan bu iki klubun görüşünün turun mərkəzi oyunu hesab olunması da istisna deyil. Ötən mövsümün gümüş və bürünc mükafatçıları artıq 25-ci dəfə üz-üzə gələcək. Böyük üstünlüyə malik olan “İnter” əvvəlki görüşlərin yarısında qalib gəlib. 7 görüşdə heç-heçə qeydə alınıbsa, qalan 5 qarşılaşmada qələbəni "Qəbələ" bayram edib. Lakin son iki ev oyununda bakılılar qol vurmağı bacarmayıb. Baxmayaraq ki, topların fərqi 34:19 hesabı ilə məhz "bankirlər"in xeyrinədi. Bu oyunda rumıniyalı baş məşqçi Dorinel Muntyanunun Topaz Premyer Liqasında debüt edəcəyini də vurğulayaq.
Nəhayət, turun qapanış matçında son çempion "Qarabağ" səfərdə “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirəcək. Çempionlar Liqasındakı çıxışını dayandırsa da, Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanan “Qarabağ” yeni mövsümə də uğurla başlamağa çalışacaq. Amma güman ki, baş məşqçi Qurban Qurbanov komandasının gücünü qoruyacaq. Onun bəzi aparıcı oyunçulara istirahət verməsi, əvəzində ehtiyat qüvvəni meydana buraxması istisna olunmur. "Sumqayıt" da bu yay ciddi hazırlaşıb. Ötən mövsümün autsayderinin startda son çempiona necə müqavimət göstərəcəyi maraqla gözlənilir. İndiyədək 8 dəfə qarşılaşan komandaların duellərində üstünlük “Qarabağ”ın tərəfindədi. Bu komanda 5 dəfə qalib gəldiyi halda, cəmi 1 dəfə sülhə razılaşıb. Qalan iki oyunda isə sumqayıtlılar qələbəyə sevinən tərəf olublar. Ağdam təmsilçisinin qalib gəldiyi bütün görüşlərdə böyük hesab qeydə alınıb. Elə bunun nəticəsidi ki, top fərqində bu komandanın böyük üstünlüyü diqqət çəkir - 21:5.
Topaz Premyer Liqası
1-ci tur
9 avqust (şənbə)
18:00. Bakı - Simurq
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Rahil Ramazanov, Fərid Məmmədov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Xaqani Məmmədov.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
20:00. AZAL - Xəzər Lənkəran
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Mehman Mahmudov, Teymur Fərhadov.
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. "AZAL Arena".
10 avqust (bazar)
18:00. Araz Naxçıvan - Neftçi
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Vaqif Musayev, Ramiz Məhərrəmov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
Naxçıvan Muxtar Respublika stadionu.
20:00. İnter - Qəbələ
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Namiq Hüseynov, Nail Nağıyev.
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Əli Hüseynov.
Bakı. "İnter Arena".
20:00. Sumqayıt - Qarabağ
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Elşən Acalov, Sərxan İsmayılov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Asim Xudiyev.
Sumqayıt. "Kapital Bank Arena".
