Oğuz Çətin: 70-ci dəqiqəyə kimi yaxşı oynadıq
"Xəzər Lənkəran"ın baş məşqçisi Oğuz Çətin Topaz Premyer Liqasının 1-ci turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, cənub klubunun türkiyəli çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"İlk oyun həmişə çətin olur. Bu gün qalib gəlməli idik, təəssüf ki, bunu bacarmadıq. 1 xalla kifayətlənməli olduq. Rəqib azlıqda qaldıqdan sonra daha ağıllı oynamalı idik. 10 nəfərlə qalan rəqibə qarşı göstərdiyimiz oyundan məmnun deyiləm. İkinci oyunda qalib gəlməliyik. Rahid Əmirquliyevi yoxlama oyunlarında sağ müdafiəçi kimi sınamışam, bu mövqedə uğurlu çıxış etdi. Müəyyən zamanlarda yarımmüdafiədə də oynaya bilər. Oyunumuz, ümumilikdə pis deyildi. 70-ci dəqiqəyə kimi yaxşı oynadıq, bunu 90 dəqiqəyə çatdırmalıyıq”.
