9 avqust 2014 22:00
Simurq Şuşaya qalib gəldi
Bu gün 2014/15-ci il mövsümünün ilk turunun açılış qarşılaşmasında "Simurq" "Bakı"nın qonağı olmalı idi. Ancaq azerisport.az xəbər verir ki, paytaxt təmsilçisi yeni mövsüm üçün lazımı sənədləri vaxtında PFL-ə təqdim etmədiyinə görə bu oyun təxirə salınıb.
Bu səbəbdən Zaqatala təmsilçisi Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında 1-ci divizion təmsilçisi "Şuşa" ilə yoldaşlıq görüşü keçirməli olub. "Simurq" qarşılaşmadan 3:1 hesabı ilə qalib ayrılıb. "Sarı-qaralar"ın qollarını Draqan Çeran, Stepan Polyak və yeni transfer Marko Stanoyeviç vurub.
Bu qarşılaşmadan sonra baş məşqçi Georgi Çixradze yetirmələrinə bir günlük istirahət verib. Avqustun 11-dən isə doğma arenada 2-ci turun hazırlıqlarına start veriləcək. (klub saytı)
