Simurqda daha 2 imza
"Simurq" bu gün daha iki futbolçu ilə münasibətlərini rəsmiləşdirib. Azerisport.az xəbər verir ki, bunlardan biri polşalı futbolçu Banas Adamdı.
Təcrübəli mərkəz müdafiəçisi mövsümün sonuna qədər Zaqatala təmsilçisinin şərəfini qoruyacaq. 3 nömrəli forma ilə mübarizə aparacaq Adamın keçmiş klubu isə ölkəsinin "Zaqlembe" klubu olub. Avstriya toplanışında özünü yaxşı tərəfdən göstərərək məşqçilər korpusunun rəğbətini qazanan polşalı, karyerası ərzində ilk dəfə olaraq legioner həyatı yaşayacaq.
Qeyd edək ki, bu, artıq "Simurq"un ikinci legioner transferidi. Dünən isə Zaqatala klubu serbiyalı yarımmüdafiəçi Marko Stanoyeviçlə münasibətlərini rəsmiləşdirmişdi.
Adamla yanaşı "Simurq" Ali Gökdəmirlə də rəsmi müqavilə imzalayıb. Milli komandamızın üzvü Ali Gökdəmir növbəti iki mövsümdə bu komandanın şərəfini qoruyacaq. Ötən il icarə əsasında Türkiyənin "Elazığspor" klubunda forma geyinən gənc müdafiəçi Zaqatala təmsilçisinin heyətində 13 nömrəli forma ilə mübarizə aparacaq.
Qeyd edək ki, peşəkar futbolçu karyerasına Almaniyanın "Hannover 96" klubunda başlayan Ali Gökdəmir milli komandamızın heyətində 10, U-21-də isə 3 dəfə meydana çıxıb. (klub saytı)
