Bakı - Simurq oyunu baş tutmadı, PFL hədələdi
Topaz Premyer Liqasının 2014/15 mövsümü bu gün keçirilməli olan "Bakı" - "Simurq" oyunu ilə start götürməliydi. Azerisport.az xəbər verir ki, bu qarşılaşma baş tutmayacaq.
Bu barədə artıq Peşəkar Futbol Liqası da rəsmi məlumat yayıb. PFL prezidenti Ramin Musayevin məsələ ilə bağlı çıxardığı əmrdə "Bakı"ya vaxt da verilib:
"Topaz Premyer Liqasının 2014/15 mövsümündə iştirak edən “Bakı” klubu Premyer Liqada çıxış etmək üçün tələb olunan sənədləri 15 avqust 2014-cü il tarixinə kimi PFL-ə təqdim etməzsə, klub yarışlardan kənarlaşdırılsın.
“Bakı” klubunun iştirakı ilə Topaz Premyer Liqası və əvəzedici komandalar arasında yarışın 1-ci turunun oyunları yuxarıda göstərilmiş səbəbdən təxirə salınsın".
Qeyd edək ki, ötən gün keçirilməli olan əvəzedicilər arasında ölkə çempionatının "Bakı" - "Simurq" görüşü də eyni səbəbdən baş tutmamışdı.
