Elvin Yunuszadə: Gürcü azarkeşlərin aqressivliyi məni daha da həvəsləndirirdi
"Neftçi"nin müdafiəçisi Elvin Yunuszadə Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Gürcüstan "Çixura"sına qarşı keçirdikləri cavab matçından (3:2, ilk oyun 0:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Oyun barədə nə deyə bilərsiz?
- Bilirdik ki, "Çixura" ev komandasıdı. Onlar öz meydanlarında daha aqressiv çıxış edirdilər. Burada oynamaq təkcə bizə yox, Avropanın digər klublarına da çətindi. Amma biz inanırdıq və əmin idik ki, ölkəmizdə də hamı bizim uğur qazanacağımıza inanır.
- "Çixura"nı nəyin sayəsində məğlub edə bildiniz?
- İlk növbədə, birinci hissədəki inamlı oyunumuzun sayəsində. Ələ düşən qol imkanlarını maksimum dəyərləndirdik. Xalqımızı sevindirməyimizə çox şadam.
- Stadion demək olar ki, tam dolmuşdu və gürcü azarkeşlər çox aqressiv idilər. Bu, oyunçulara necə təsir edirdi?
- Digərlərini deyə bilmərəm, amma məni yalnız həvəsləndirirdi. Bundan ancaq həzz almaq olardı. Mənə də belə bir ab-havada oynamaq xoş idi.
- "Neftçi" iki il öncəki kimi yenə də pley-offdadı. Komandadan bu dəfə nə gözləyək?
- Son illərdə ilk dəfədi ki, iki Azərbaycan klubu pley-offda bərabər mübarizə aparacaq. Ümid edirəm ki, "Qarabağ" da, biz də növbəti mərhələyə adlaya biləcəyik.
- Pley-off mərhələsinin püşkündən nə gözləyirsiz?
- Artıq bu mərhələdə zəif rəqib gözləməyə dəyməz. Qoy bizi gözləsinlər (gülür). Yenə uduzmayacağımıza ümidliyəm.
