Marko Nikoliç: Neftçi ilə düşməyimiz yaxşı oldu
Serbiyanın "Partizan" klubunun baş məşqçisi Marko Nikoliç Avropa Liqasının pley-off mərhələsində "Neftçi"yə rəqib olmaları ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Yeni rəqibimizlə ilk oyuna qədər mümkün qədər çox məlumat toplamağa çalışmalıyıq. Artıq bütün diqqətimizi "Neftçi" ilə oyunlara yönəltməliyik. Hədəfimiz Avroliqanın qrup mərhələsinə yüksəlməkdi. Amma bu, asan olmayacaq. Rəqibimiz keçilməz sədd olmasa da, diqqət tələb edir. Qrup mərhələsinə düşmək üçün əlimizdən gələni edəcəyik".
Nikoliç "Neftçi" ilə ilk oyunun önəmindən də danışıb: "Biz hər iki oyunda yaxşı çıxış etməyə borcluyuq. Nəticə qazanmaq üçün bu, vacibdi. İlk oyunda qazanılacaq müsbət nəticə cavab görüşünə daha yaxşı hazırlaşmağımıza kömək edəcək".
"Partizan"ın çalışdırıcısı əzəli rəqib "Crvena Zvezda"nın yetirməsi olan Saşa Stamenkoviçin "Neftçi"də çıxış etməsinə də toxunub: "Mənim onunla heç bir problemim yoxdu. Qoy o öz işi ilə məşğul olsun, biz də öz işimizlə. Onun əsas vəzifəsi qapısını toxunulmaz saxlamaqdı, bizim hədəfimiz isə onun qapısına yol tapmaq".
Nikoliç "Neftçi" ilə düşdüklərinə görə sevindiyini də gizlətməyib: "Beş potensial rəqib arasında daha çox Türkiyə klubu ilə düşməyimizi istəmirdim. Belarus təmsilçisi ilə də düşməməyimiz yaxşı oldu. Bütövlükdə, püşkün bizim üçün yaxşı alındığını düşünürəm".
