Azərbaycanın Avroliqa təmsilçiləri üçün köhnə tanışlar
Azərbaycanı Avropa Liqasının pley-off mərhələsində təmsil edəcək "Qarabağ"la "Neftçi" qrup mərhələsinə vəsiqə qazanmaq üçün köhnə tanışları ilə mübarizə aparmalı olacaq. Azerisport.az xəbər verir ki, Ağdam klubu Hollandiya "Tvente"si, paytaxt təmsilçisi isə Serbiya "Partizan"ı ilə qarşılaşacaq.
Hansı ki, hər iki klub azərbaycanlı futbolsevərlərə çox yaxşı tanışdı. "Qarabağ" 2009-cu ildə ilk dəfə Avropa Liqasının pley-off mərhələsinə yüksələndə Qurban Qurbanovun komandasının bəxtinə məhz "Tvente" çıxmışdı. Həmin vaxt bu komandanı ingilis mütəxəssis Stiv Maklaren çalışdırırdı. Hollandiyada keçirilən ilk qarşılaşma Vüqar Nadirovun erkən qolu ilə yadda qaldı. Az sonra o, daha bir qol vurmağa yaxın olsa da, bundan yararlana bilmədi. Əvəzində 3 qol vuran meydan sahibləri 3:1 hesabıyla qalib gəldilər. Bakıdakı görüşdə isə qolsuz heç-heçə qeydə alındı.
Həmin mövsüm "Tvente" Hollandiya çempionu adını qazandı. Elə həmin mövsüm "Qarabağ"ın forvardı Vaqif Cavadov bu komandaya transfer olundu. Amma əsas heyətə düşə bilmədiyi üçün sonralar Hollandiyanı tərk etməli oldu. Buna baxmayaraq, Cavadov heç bir oyuna çıxmadan Hollandiya çempionatının qızıl medallarına sahib çıxdı.
Həmin dövrlə müqayisədə "Tvente" çox dəyişib. Komandaya indi Alfred Şroyder rəhbərlik ediir. O, vaxtilə Maklarenin köməkçisi vəzifəsində çalışıb. Amma beş il öncə "Qarabağ"a qarşı oynamış futbolçuların heç biri hazırda "Tvente"də qalmayıb. Baxmayaraq ki, Ağdam klubunda bununla bağlı vəziyyət bir qədər fərqlidi.
"Tvente" son mövsümü üçüncü yerdə başa vurub. Məhz bunun sayəsində komanda Avroliqanın pley-off mərhələsində oynamaq şansı qazanıb. Yəni Hollandiya klubu mübarizəyə birbaşa məhz bu mərhələdən başlyır.
"Partizan"a gəlincə, bu, Serbiyanın ən titullu klublarından biridi. "Qarbağ"dan fərqli, "Neftçi" bu komanda ilə cəmi iki il öncə üz-üzə gəlmişdi. Özü də Avroliqanın qrup mərhələsində. Belqraddakı ilk oyunda hesab açılmamışdı. Bakıdakı qarşılaşmada isə tərəflər hərəyə bir qol vurmuşdular. Həmin oyunlarda Saşa Stamenkoviçin bəzi serbiyalı futbolçularla münaqişəsi hələ də yaddaşlardadı. Onun "Partizan"ın əzəli rəqibi "Crvena Zvezda"nın yetirməsi olması əks düşərgədəki oyunçular tərəfindən birmənalı qarşılanmamışdı.
"Partizan" bu avrokuboklar mövsümünə Çempionlar Liqasından başlayıb. Serbiya çempionatını ikinci pillədə başa vuran komanda ÇL-in ikinci təsnifat mərhələsində Farer adalarının "Torshavn" klubunu iki oyunun cəminə görə 6:1 hesabıyla üstələmişdi. Amma üçüncü təsnifat mərhələsi çərçivəsində Bolqarıstan "Ludoqorets"i ilə oyunlar Marko Nikoliçin yetirmələri üçün uğursuz başa çatıb. Səfərdə qolsuz heç-heçəyə razılaşan serblər ev oyununda da 2:2 hesablı heç-heçədən artığına nail ola bilməyincə, ÇL-dən kənarda qalıblar. Bu oyunda Petar Şkuletiç dubla imza atıb. Belqrad klubunun dugər aparıcı üzvü Branislav Traykoviç isə qırmızı vərəqə aldığına görə, "Neftçi"yə qarşı forma geyə bilməyəcək.
Maraqlıdı ki, bolqarlar artıq ardıcıl ikinci mövsümdü "Partizan"ı ÇL-dən uzaqlaşdırır. Ötən mövsüm Serbiya klubu Avroliqanın pley-off mərhələsində də İsveçrə "Tyun"una uduzmuşdu.
