Avropa Liqasının pley-off mərhələsinin bütün iştirakçıları bəllidi
UEFA Avropa Liqasının pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu mərhələdə iştirak edəcək 62 klub arasında iki Azərbaycan təmsilçisi də var.
Məlum olduğu kimi, UEFA Çempionlar Liqasında mübarizəni dayandıran Azərbaycan çempionu "Qarabağ" bundan sonra mübarizəni Avroliqada davam etdirəcək. Eyni zamanda üçüncü təsnifat mərhələsini də qalib kimi başa vuran "Neftçi" də qitə miqyaslı turnirin qruplarında yer almaq üçün mübarizə aparmaq şansı qazandı.
Qeyd edək ki, Avroliqanın pley-off mərhələsində mübarizə aparacaq 62 klubdan 29-u üçüncü təsnifat mərhələsindən qalib ayrılanlardı. Onların siyahısı belədi: "Brügge" (Belçika), "Yanq Boyz" (İsveçrə), "Dinamo" (Moskva, Rusiya), "Split" (Xorvatiya), "Rux" (Polşa), "Krasnodar" (Rusiya), "Zarya" (Ukrayna), "Astra" (Rumıniya), "Astana" (Qazaxıstan), "Neftçi" (Azərbaycan), "Styarnan" (İslandiya), "Karabükspor" (Türkiyə), "Şaxtyor" (Belarus), PSV (Hollandiya), "Zimbru" (Moldova), "Dinamo" (Minsk, Belarus), "Spartak" (Slovakiya), "Riyeka" (Xorvatiya), "Sarayevo" (Bosniya və Herseqovina), "Petrolul" (Rumıniya), "Asteras" (Yunanıstan), "Hayduk" (Xorvatiya), "Elfsborq" (İsveç), "Hall Siti" (İngiltərə), "Olimpik" (Lion, Fransa), "Torino" (İtaliya), "Real Sosyedad" (İspaniya), "Omoniya" (Kipr), "Rio Ave" (Portuqaliya).
15 iştirakçı UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Qarabağ" kimi, məğlubiyyətlə üzləşən komandalardı: "Qarabağ" (Azərbaycan), "Debretsen" (Macarıstan), "Şerif" (Moldova), "Dinamo" (Xorvatiya), "Seltik" (Şotlandiya), "Aktobe" (Qazaxıstan), "Makkabi" (Təl-Əviv, İsrail), HİK (Finlandiya), "Sparta" (Çexiya), "Partizan" (Serbiya), AEL (Kipr), "Dnepr" (Ukrayna), "Feyenoord" (Hollandiya), "Qrashpoppers" (İsveçrə), "Panatinaikos" (Yunanıstan).
Yerdə qalan 18 klub isə mübarizəyə birbaşa pley-offdan başlayanlardı: "İnter" (İtaliya), "Tottenhem" (İngiltərə), "Vilyarreal" (İspaniya), "Tvente" (Hollandiya), "Metallist" (Ukrayna), PAOK (Yunanıstan), "Trabzonspor" (Türkiyə), "Borussiya" (Münhenqladbax, Almaniya), "Lokomotiv" (Moskva, Rusiya), "Rapid" (Vyana, Avstriya), "Sürix" (İsveçrə), "Nasional" (Portuqaliya), "Sent-Etyenn" (Fransa), "Rostov" (Rusiya), "Zvolle" (Hollandiya), "Lokeren" (Belçika), "Apollon" (Limassol, Kipr), "Midtyilland" (Danimarka).
Bu 62 iştirakçı pley-off mərhələsinin püşkatması ərəfəsində UEFA reytinqinə əsasən səbətlərə bölünəcəklər. Həm "Qarabağ", həm də "Neftçi"nin reytinq xalı o qədər də yüksək olmadığı üçün, onlar daha zəiflərin yer aldığı səpələnməmişlər səbətində olacaqlar. Bir sözlə, komandalarımız özündən daha güclü rəqiblərlə qarşılaşmalı olacaq.
Qeyd edək ki, pley-offun oyunları isə 21 və 28 avqust tarixlərində baş tutacaq.
