Aqolli: Qarabağın Avropa Liqasının qrup mərhələsində oynamaq şansı var
"Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin azerisport.az saytına müsahibəsi
- Avstriya "Zalsburq"una cavab oyunundakı məğlubiyyəti nə ilə izah edərdiz?
- Bilmirəm. Üzücü olsa da, etiraf etmək lazımdı ki, heç nə edə bilmədik. Bu barədə danışmaq da çox çətindi.
- "Zalsburq" güclü idi, yoxsa başqa səbəblər vardı?
- Rəqib güclüydü. Onlar yaxşı oynadılar və layiqli şəkildə mərhələ adladılar.
- Razısız ki, hesab daha böyük ola bilərdi?
- Rəqibin daha çox qol vurmaq şansının olduğunu etiraf etmək lazımdı. Amma biz belə hesabla uduzacağımızı düşünmürdük. Sadəcə, bir şeyə təəssüflənirəm ki, oyunumuz alınmadı.
- Sizcə, Vüqar Nadirov qol vura bilsəydi, nəticə fərqli olardı?
- Bunu demək çətindi. Biz pressinq də edirdik. Amma "Zalsburq" evdə oynadığından hər cür üstünlüyə malik idi. Təəssüf ki, biz əsl "Qarabağ"ı göstərə bilmədik.
- Reynaldonun yoxluğu da sözünü dedi...
- Bəli, onun yoxluğu komandamızın çıxışına təsirsiz ötüşmədi. Amma Vüqar da qol vurmağa çalışdı. Sadəcə, biz komanda oyunu sərgiləməyi bacarmadıq.
- "Qarabağ"ın Avropa Liqasındakı şanslarını necə dəyərləndirə bilərsiz?
- Bizim bu turnirin qrup mərhələsinə vəsiqə qazanmaq şansımız var. Bundan yararlanmalıyıq.
