Vüqar Nadirov: Bu hesabla uduzacağımızı gözləmirdim
"Qarabağ"ın hücumçusu Vüqar Nadirovun azerisport.az saytına müsahibəsi
- "Qarabağ" Avstriya "Zalsburq"u ilə cavab oyununda niyə ümidləri doğrulda bilmədi?
- Heç özüm də bilmirəm. Avstriyaya nəticə qazanmaq üçün, uğur qazanacağımıza böyük ümidlərlə gəlmişdik. İlqar Qurbanovun zədələnməsi, Maksim Medvedevin əvəzlənməsi oyun üslubumuzu dəyişməyimizə səbəb oldu. Buna baxmayaraq, özümüzdə güc tapa, sona kimi oynaya bildik. Amma etiraf etmək lazımdı ki, az səhvimiz olmadı.
- Həm Bakıda, həm də Zalsburqda "Qarabağ"ın məcburi dəyişiklər etməsinə nə səbəb oldu?
- Belə alındı. Ümid edirəm ki, sonrakı oyunlarda eyni aqibətlə üzləşmərik.
- Bir epizodda qol vurmağa yaxın idiz...
- Həmin epizodda qol vurmağı çox istəyirdim. Alınmadı.
- Tələsdiz, yoxsa?
- Müdafiəçini yaxşı keçmişdim. Qalmışdı sadəcə, qapıçını aldatmaq. Amma o, son anda hər iki küncü bağlaya bildi. Topu qapıçının başı üzərindən göndərmək istəsəm də, bacarmadım. Ona görə də birbaşa qapıya zərbə vurdum. Qol vura bilədim. Çox təəssüflənirəm.
- "Qarabağ"ı həmişə topa nəzarət edən görmüşük. Amma bu oyunda elə olmadı...
- Meydanın mərkəzində problemlər var idi. Meydan sahibləri tez-tez hücum edirdilər, bu üzdən biz də öz oyunumuzu göstərə bilmirdik.
- Belə məğlubiyyəti gözləyirdiz?
- Xeyr, bu hesabla uduzacağımızı gözləmirdim. Hər iki qolu öz səhvimizdən buraxdıq.
- Məğlubiyyətə əsas səbəb nə oldu?
- Həyəcan yox idi. Neçə ildi təcrübə toplamışıq. Bu, futboldu, məğlubiyyətlər də olur. Artıq bizim bütün diqqətimiz Avropa Liqasında olmalıdı. Baxaq, görək kiminlə oynayacağıq.
- Sizcə, "Zalsburq" ÇL-in qrup mərhələsinə düşə biləcək?
- Hər şey onların gələcək rəqiblərindən asılıdı. Avstriya klubu çox güclü komandadı.
