7 avqust 2014 02:45

Neftçi Avroliqada növbəti sınaq qarşısında

Bu gün UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinin cavab oyunları keçirilir. Azerisport.az xəbər verir ki, Azərbaycanın qitənin ikinci dərəcəli klub turnirindəki çıxışını davam etdirən yeganə təmsilçisi "Neftçi" də növbəti sınağına çıxacaq.
 
Qeyd edək ki, digər təmsilçilərimizdən biri - "Qəbələ" Bosniya və Herseqovina "Şiroki Briyeq"inə elə ilk təsnifat mərhələsində uduzaraq (0:2, 0:3) mübarizəni dayandırdı. "İnter" isə birinci cəhdində Moldova "Tiraspol"una hər iki oyunda qalib gəlsə (3:2, 3:1) də, ikinci təsnifat mərhələsində İsveç "Elfsborq"u ilə bacarmadı (1:0, 0:1, penaltilərlə 3:4).
 
Avroliqaya Azərbaycan Kubokunun qalibi kimi qatılan "Neftçi" isə mübarizəyə ikinci təsnifat mərhələsindən başlayıb. Böyükağa Hacıyevin komandası bu mərhələdə Sloveniya "Koper"inə evdə uduzsa da (1:2), səfərdə 2 cavabsız qolla qalib gələrək, mərhələ adladı. Bu mərhələdə isə təmsilçimizin rəqibi Gürcüstan "Çixura"sıdı. Hansı ki, bu komanda Avroliqanın ilk təsnifat mərhələsində Makedoniyanın "Turnovo" klubunu səfərdə 1:0, evdə 3:1 hesabıyla üstələyib. Növbəti qurban isə Türkiyənin "Bursaspor" klubu olub. Hər iki oyunda hesab açılmadığından qalib penaltilərlə müəyyənləşib ki, 4:1 hesabıyla üstün olan "Çixura" "Neftçi" ilə qarşılaşmaq hüququ qazanıb.
 
"Çixura" 1938-ci ildə yaradılmış klubdu. Adını şəhərin yanından keçən bir çayın adından alan Saçxere şəhərinin təmsilçisi ardıcıl olaraq son iki mövsümü Gürcüstan çempionatında 4-cü pillədə başa vurub. Bakılıların rəqibi son iki mövsümdə Gürcüstan Kubokunun finalına vəsiqə qazansa da, Tiflis "Dinamo"suna məğlub olublar. Bu klubun Gürcüstandakı ən böyük uğuru isə ötən il ölkə superkubokuna sahib çıxması olub.
 
Bu komanda son mövsümdə 32 matçda 13 qələbə, 7 heç-heçə ilə 46 xal toplamağa nail olub. Qalan 12 görüşdə məğlub olan "Çixura" 56 qol vurduğu halda, öz qapısından 50-sini buraxıb.
 
Gürcü klubu ev oyunlarını 2 min azarkeş tutumu olan "Central" stadionunda keçirir. Ancaq UEFA bu arenanı tanımadığından, qərb qonşularımız Avroliqa matçlarını paytaxt Tiflisdə yerləşən və 27 223 azarkeş tutumu olan "Mixail Mesxi" stadionunda keçirmək məcburiyyətində qalıb.
 
Gürcüstan təmsilçisinin avrokuboklardakı ən böyük uğuru elə bu mövsümə təsadüf edir. Ancaq ötən və bu mövsüm Avropa Liqasında vəsiqə qazana bilən komanda bu turnirdə ümumilikdə 9 oyun keçirib və 2 qələbə, 5 bərabərlik, 2 məğlubiyyəti olub. Rəqib ötən mövsüm Samson Pruidzenin başılığı ilə ilk təsnifat mərhələsində "Vaduts"u mübarizədən kənarlaşdırsa da, növbəti mərhələdə İsveçrənin "Tyun" komandasına məğlub olaraq, Avropa məcarasını başa vurmuşdu.
 
Maraq üçün qeyd edək ki, bu komanda "Neftçi" üçün elə də yad deyil. Belə ki, "ağ-qaralar" bu yay Türkiyədə təlim-məşq toplanışında olarkən "Çixura" ilə iki dəfə qarşılaşıb. Yoxlama matçlarının birində gürcülər 3:2 hesabı ilə qalib gəlib. Növbəti oyunda isə komandalar meydandan sülhlə ayrılıb - 1:1. Elə Avroliqa çərçivəsində Bakıda keçirilmiş ilk oyunda da sülh qeydə alındı. Halbuki, əksəriyyət komandamızın ilk qarşılaşmada növbəti mərhələyə vəsiqəni böyük ölçüdə təmin edəcəyini gözləyirdi.

Göründüyü kimi, "Neftçi"nin budəfəki rəqibi də təxminən "Koper" kimi komandadı. Heç bir ciddi uğurları olmayan Sloveniya klubu kimi, "Çixura" da müdafiə futboluna üstünlük verib, əks-hücumlarda şans axtarır və komanda oyunu ilə sürpriz etməyə çalışır. Ümid edək ki, "ağ-qaralar" bu rəqibini də mübarizədən kənarlaşdıra biləcək və sensasiyaya imkan verməyəcək. İşə düzgün yanaşma, diqqətli oyun, maksimum güc sərf etməklə bu komandanı da səfərdə mübarizədən kənarlaşdırmaq olar. Bu mənada Böyükağa Hacıyevin komandasına səfərdə hətta qollu heç-heçə də bəs edir. Qazanılacaq uğur Azərbaycan klubunun tarixində ikinci dəfə Avroliqanın pley-off mərhələsinə vəsiqə qazanması baxımından da çox vacibdi.

Sonda onu da bildirək ki, avrokuboklarda qazanılan istənilən uğur Azərbaycanın UEFA-dakı klub reytinqinə də təsirsiz ötüşmür. Belə ki, klublarımızın hər bir qələbəsi ölkəmizə 0,250, heç-heçə isə 0,125 reytinq xalı qazandırır. Hazırda Azərbaycan UEFA reytinqində 53 ölkə arasında 31-ci pillədədi və hesabında 10.750 reytinq xalı var. Bunun 1.875 xalı cari mövsümdə qazanılıb ("İnter" - 0.750, "Qarabağ" - 0.750, "Neftçi" - 0.375). Ümidvarıq ki, bu gün keçiriləcək oyunda "ağ-qaralar" xal ehtiyatımızı daha da yaxılaşdıra biləcək.

"Neftçi" hazırda 8.150 xalla klub sıralamasında Avropanın 183-cü komandasıdı. Rəqibi "Çixura" isə 3.375 reytinq xalı ilə 319-cudu.

Avropa Liqası
Üçüncü təsnifat mərhələsi
(cavab oyunu)
7 avqust

22:00. Çixura - Neftçi
Hakimlər: Tamaş Boqnar, Georgi Rinq, Peter Berettyan, Adam Farkaş (Macarıstan).
UEFA nümayəndəsi: Mixail Anaqnostou (Yunanıstan).
Hakim-inspektor: Zbiqnyev Prjesmiçki (Polşa).
Tiflis. "Mixail Mesxi" stadionu.
İlk oyun - 0:0.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.