Hütter: Qarabağın necə oynayacağı haqda bizə heç kim informasiya verməmişdi
Avstriya çempionu "Zalsburq"un baş məşqçisi Adolf Hütter UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 2:0 hesablı qələbəsini belə şərh edib:
"Biz yaxşı top saxladıq, bütün oyunu hücumda keçirdik. Artıq ilk hissədən sonra 3:0 hesabıyla öndə olmalıydıq. Komandamın arxayınlaşmaması xoşuma gəldi. Amma ikinci hissədə də qol vurmalıydıq. Burada Bakıdakına nisbətən bizə daha rahat oldu. Bütün oyunçularıma minnətdaram. Amma Hintereggerin qolları bizə çox kömək etdi. Erkən qol vurmaq vacib idi. Buna nail ola bildik. Eyni zamanda rəqibə də şans vermədik. Rəqibin taktikası barədə bizə məlumat vermişdilər? (gülür) Heç kim bizə "Qarabağ"ın necə oynayacağına dair informasiya verməmişdi. Biz bu komandanın 30 min azarkeşin gözü qarşısında necə oynadığını görmüşdük. Şadam ki, bu gün də bizim azarkeşlər özlərini göstərdilər. "Qarabağ" haqda dediyim fikrimdə qalıram. Bu komanda Avstriyanın ən yaxşılarından biri ola bilər. Oyundan sonra Qurban Qurbanovla danışdıq. O, mənə uğurlar arzuladı".
